ABŞ və Çin TikTok razılaşması üzrə danışıqlara başlayacaq

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə TikTok-un satışı ilə bağlı Çin tərəfi ilə danışıqlara başlayacağını açıqlayıb. O bildirib ki, ABŞ “demək olar ki”, TikTok-un satışı üzrə razılaşma əldə edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə iyulun 4-də “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb. “Düşünürəm ki, bazar ertəsi və ya çərşənbə axşamı Çinlə, bəlkə də Prezident Si və ya nümayəndələrindən biri ilə danışmağa başlayacağıq. Amma biz artıq razılaşmanı demək olar ki, əldə etmişik” - deyə Tramp bildirib.
Xatırladaq ki, ötən ay Tramp Çin mənşəli “ByteDance” şirkətinə məxsus TikTok-un ABŞ-dəkı aktivlərini satmaq üçün son müddəti sentyabrın 17-dək uzadıb. Yaz aylarında TikTok-un ABŞ bölməsinin ABŞ-li investorların nəzarətində yeni bir şirkətə çevrilməsi planlaşdırılsa da, Trampın Çin məhsullarına qarşı tarif qərarlarından sonra Pekin bu planı təsdiqləməkdən imtina etmişdi.
ABŞ Prezidenti bildirib ki, TikTok-un satışı ilə bağlı razılaşmanın həyata keçməsi üçün Çin tərəfinin də təsdiqi lazım olacaq. Onun sözlərinə görə, bu razılaşma həm ABŞ, həm də Çin üçün faydalı olacaq.
“Çinlə razılaşmaya nail olacağımıza əmin deyiləm, amma düşünürəm ki, bu mümkündür. Prezident Si ilə münasibətlərimiz yaxşıdır. Bu razılaşma hər iki tərəf üçün xeyirli olacaq” – deyə Tramp vurğulayıb.
Fatimə Nəbiyeva
19:07 05.07.2025
Oxunuş sayı: 689