Avropa Komissiyası süni intellekt gigafabrikalarına marağın böyük olduğunu açıqlayıb

Avropa Komissiyası bu ilin əvvəlində süni intellekt (Sİ) sahəsində istifadə olunacaq gigafabrikaların qurulması üçün maliyyə vəsaitlərini səfərbər etmək planlarını təqdim etmişdi. Rəsmi müraciət çağırışı ilin ikinci yarısında reallaşacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bazar ertəsi keçirilən mətbuat konfransında Avropa İttifaqının Texnologiya komissarı Komissiyanın bu sahəyə sərmayə qoyuluşu ilə bağlı elan etdiyi maraq çağırışına “böyük əksəriyyətin” Avropadan cavab verdiyini deyib. Qlobal investorların da layihələrdə iştirakına icazə verilsə də, əsas maraq Aİ daxilindən olub. Süni intellektə investisiya üçün nəzərdə tutulan InvestAI fondu barədə yenilikləri Komissiyanın üzvü Henna Virkkunnen təqdim edib.
InvestAI fondunun ümumi həcmi 200 milyard avro olaraq müəyyənləşdirilib. Bu məbləğin 20 milyard avrosu ən mürəkkəb Sİ modellərinin birgə işlənməsi məqsədilə yaradılacaq 4-5 gigafabrikaya ayrılacaq. Layihənin əsas məqsədi kiçik və orta şirkətlərin yüksək hesablama gücünə çıxış imkanını artırmaqdır. Virkkunnenin sözlərinə görə, hazırda təqdim olunan layihə təklifləri “böyükmiqyaslı”dır və şirkətlər ümumilikdə 230 milyard avro sərmayə qoymağa hazır olduqlarını bildiriblər.
Ümumilikdə 76 müraciətin daxil olduğu bildirilir. Komissiya növbəti mərhələdə bu şirkətlərlə və Aİ-yə üzv dövlətlərlə danışıqlara başlayacaq. Rəsmi müraciət çağırışı isə ilin ikinci yarısında – Avropa Yüksək Performanslı Hesablama Birgə Təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Yeni fabriklər təxminən 100 min qabaqcıl Sİ çipi ilə təchiz ediləcək və hazırda tikilməkdə olan fabriklərdən təqribən dörd dəfə daha güclü olacaq.
InvestAI fondu vasitəsilə reallaşdırılacaq bu təşəbbüs, Avropa Komissiyasına görə, dünyada etibarlı süni intellekt inkişafına yönəlmiş ən böyük ictimai-özəl tərəfdaşlıq olacaq. Fondun maliyyələşməsi “Rəqəmsal Avropa Proqramı”, “Horizon Europe” və “InvestEU” kimi mövcud AB proqramları hesabına təmin ediləcək. ABŞ və digər ölkələrin Sİ sahəsində atdığı irihəcmli addımlar fonunda Avropa bu layihə ilə texnoloji yarışda geri qalmamaq niyyətindədir.
Fatimə Nəbiyeva
09:04 01.07.2025
Oxunuş sayı: 826