Körpə uşaqlı valideynlərə güzəşt olunmalıdır - TƏKLİF DƏSTƏKLƏNİR

Azərbaycanda uşaq baxımı, ana südünün əhəmiyyəti və ailələrin sosial təminatı məsələləri uzun müddətdir ki, ictimaiyyətin və mütəxəssislərin diqqətindədir. Xüsusilə yeni doğulmuş uşaqların sağlam inkişafı, onların ilk illərdə aldıqları qidalanma və psixoloji mühit gələcəkdə formalaşacaq cəmiyyətin təməlini müəyyən edir. Bu baxımdan son zamanlar Milli Məclis səviyyəsində səsləndirilən bir təklif geniş rezonans doğurub. 3 yaşa qədər övladı olan valideynlərə müəyyən güzəştlərin tətbiq olunması ilə bağlı fikirləri cəmiyyətin müxtəlif təbəqələrindən dəstəklə qarşılanıb.
Crossmedia.az xəbər verir ki, məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı bu təşəbbüsü tam dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, ölkədə bir çox valideynlər – xüsusilə də analar – erkən mərhələdə iş həyatına qayıtmaq məcburiyyətində qalır və bu, körpələrin sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Mehralı bildirib ki, ana südü körpələr üçün əvəzolunmazdır və bu hüquq onlardan maddi çətinliklər ucbatından alınmamalıdır:
“Əmzirmə dönəmində, yəni uşaqların sağlamlıq baxımından ən həssas olduğu bir vaxtda valideynlər işləməyə məcbur qalır. Bəzi hallarda körpələr 2-3 aylıq olanda belə özəl bağçalara qoyulur. Bu da uşaqların ana südündən məhrum qalmasına səbəb olur. Halbuki ana südü hər körpənin təbii haqqıdır və genefondun sağlam formalaşması üçün əsas şərtdir”.
Sosioloq qeyd edib ki, süni qidalarla böyüyən uşaqlar gələcəkdə sağlamlıq baxımından daha böyük risklərlə üz-üzə qalır:
“Stres, fiziki çətinliklər və digər problemlər genefond üçün ana südünün olmaması qədər təhlükəli deyil. Süni qidaların xalqın genefonduna vurduğu zərəri heç nə ilə müqayisə etmək mümkün deyil”.
Lalə Mehralı hesab edir ki, bu kimi məsələlər yalnız fərdi deyil, dövlət səviyyəsində strateji məsələ kimi qiymətləndirilməlidir:
“Körpə uşaqlı analara xüsusi imtiyazların verilməsi dövlət səviyyəsində gündəmdə saxlanılmalıdır. Xalqın sağlamlığı, soy-kökünün davamlılığı birbaşa bu cür sosial siyasətlərlə qorunmalıdır. Ana südünün əhəmiyyəti isə heç bir şəkildə başqa vasitə ilə əvəzlənə bilməz”.
O vurğulayıb ki, təklifin dəstəklənməsi və hüquqi mexanizmlərlə təsbit olunması həm ailələrin rifahına, həm də gələcək nəsillərin sağlam yetişməsinə böyük töhfə verəcək.
Zəhra Ağayeva
18:05 11.06.2025
Oxunuş sayı: 1784