Politoloq: "Azərbaycan Böyük Qayıdış prosesinin simvoluna çevrilib"

"Bu gün Azərbaycanda müxtəlif siyasi partiya rəhbərləri, politoloqlar və jurnalistlər işğaldan azad edilmiş Füzuli, Cabrail və Zengilan bölgəsində müxtəlif abadlıq, bərpa və yenidənqurma prosesi ilə yerində tanış olmaqdadırlar. Eyni zamanda ərazidə iqtisadi-sənaye zonasının fəaliyyəti ilə bağlı məlumat aldıq".
Bu sözləri Crossmedia.az-ın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı əraziyə ezam olunan əməkdaşına açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, bu gün Azərbaycan təkcə torpağı işğaldan azad etməyin modelini yaratmayıb, eyni zamanda Böyük Qayıdış prosesinin də bir simvoluna çevrilməyi bacarıb: "Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı uğurla icra olunur və cənab Prezident tərəfindən ötən həftə artıq İkinci Dövlət Proqramı ilə bağlı sərəncam imzalanıb. Bu rakursda bu gün işğaldan azad edilmiş bölgələrdə böyük bir infrastruktur xabı yaradılır. Bu məsələnin siyasi və mənəvi tərəfi də var. Belə ki, siyasi ideologiyasından, düşüncəsindən və mövqeyindən asılı olmayaraq Azərbaycanda bütün siyasi partiyalar ümummilli məsələlərdə həmrəy olmağı bacarırlar. Müxtəlif partiya işğaldan azad edilmiş bölgələrə səfərlər eləməsi, buradakı proseslə tanış olması yeni Azərbaycan modeli deməkdir. Yeri gəlmişkən, biz multikulturalizmdə Azərbaycan modeli yaratmışıq. Biz 44 günlük Vətən Müharibəsində model yaratdıq, bir sutkadan az davam edən antiterror əməliyyatı ilə bu modeli yaratmışıq. Bugün burada da müxtəlif siyasi partiya rəhbərlərinin, politoloqların bölgəyə səfər eləməsi və proseslə yerində tanış olması da siyasi mədəniyyətin Azərbaycan modelini nümayiş etdirir".
Kənan Novruzov
15:30 03.06.2025
Oxunuş sayı: 4193