Ekspert: “İstisu kurortunda hava limanına ehtiyac yoxdur”

1939-cu il arxiv materiallarına əsasən, yay mövsümündə İstisu kurortunun fəaliyyətə başlaması üçün ciddi hazırlıqlar görülüb. Həmin dövrdə həm avtomobil, həm də hava nəqliyyatı ilə bölgəyə çıxış imkanlarının yaradılması planlaşdırılıb. Bakı–İstisu arasında hava yolunun açılması da gündəmdə olub ki, bu da ərazinin nəqliyyat baxımından əhəmiyyətini göstərir. Tarixi sənədlərdə əksini tapan bu planlar nəzərə alınaraq, bu gün İstisunun turizm potensialını artırmaq üçün hava nəqliyyatı ilə birbaşa əlaqənin yaradılması nə dərəcədə real və məqsədəuyğundur? Bu mövzuda yol eksperti Elməddin Muradlı sualımıza cavab olaraq Crossmedia.az-a açıqlama verib.
E.Muradlının sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qısa müddət ərzində azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı istifadəyə verilib. Onun sözlərinə görə, bunlar Füzuli, Zəngilan və Laçın hava limanlarıdır.
Elməddin Muradlı bildirib ki, xüsusilə Laçın hava limanının istifadəyə verilməsi Kəlbəcər və İstisu üçün böyük əhəmiyyət daşıyır. Ekspert bu nəqliyyat infrastrukturunun regionun turizm və sərnişindaşıma potensialına mühüm təsir göstərdiyini qeyd edib. “Laçın hava limanı həm Kəlbəcər üçün, yəni İstisu üçün, həm də digər ərazilər üçün əlverişli olacaq. Sərnişindaşımada böyük fayda göstərəcək.”
Ekspert vurğulayıb ki, artıq bölgədə fəaliyyət göstərən hava limanları olduğu üçün Kəlbəcər üçün ayrıca bir hava limanı inşası real görünmür. Onun fikrincə, Laçınla Kəlbəcər arasında məsafə kifayət qədər yaxın olduğu üçün bu məsələ gündəmdə deyil.
E.Muradlı, həmçinin qeyd edib ki, tarixdə – xüsusilə 1939-cu ilə aid sənədlərdə – İstisuda hava limanı tikintisi ilə bağlı planlar mövcud olub. Lakin həmin dövrdə bölgədə heç bir hava limanı olmadığından belə bir ideya ortaya atılmışdı.
“Amma bu gün onlar varsa, artıq İstisuda hava limanının yaradılmasına hər hansı bir ehtiyac yoxdur" – deyə ekspert bildirib.
E.Muradlı əlavə edib ki, əgər ehtiyac yaranarsa, İstisuda yalnız kiçik təyyarələr üçün nəzərdə tutulmuş aerodromun yaradılması mümkündür. Bu isə əsas hava limanı funksiyasını daşımayacaq, lokal daşımalar üçün nəzərdə tutula bilər.
Fatimə Nəbiyeva
11:54 31.05.2025
Oxunuş sayı: 1467