Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin başqanı Mərkəzi Elmi Kitabxanada olub


Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin başqanı Mustafa İşığ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub və kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.
Əvvəlcə qonaq MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olub.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru Hüseyn Hüseynov fondun yaranması, məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib. Direktor şəhid qardaşı olaraq fondun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu fond Vətən uğrunda mübarizə aparan qəhrəmanların tanıdılması və onların həyat yolunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Fondu təkcə şəhid və qazi ailələri deyil, eyni zamanda məktəblilər və tələbələr də ziyarət edir, nəşrlərlə yaxından tanış olmaq imkanı əldə edirlər.
Hüseyn Hüseynov bildirib ki, hər il şəhid ailələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir.
Dərnəyin başqanı Mustafa İşığ öz növbəsində rəhbəri olduğu qurumun XX əsrin əvvəllərində hərbçi Ənvər Paşanın təlimatı ilə qurulduğunu vurğulayıb, tarixindən və fəaliyyətindən bəhs edib, Türkiyənin bir sıra bölgələrində şöbə və təmsilçilərinin olduğunu diqqətə çatdırıb.
İki dövlət bir millət olaraq illərlə Azərbaycanın əzəli bölgəsi olan Qarabağın işğaldan azad olunmasına hər zaman dəstək verdiklərini, Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin möhkəmləndirilməsində birgə işlərin görüldüyünü diqqətə çatdıran Dərnək başqanı dövlət tərəfindən onlara göstərilən yüksək qayğının şahidi kimi işlə, evlə təmin olunmaqlarını da böyük addım kimi dəyərləndirib.
Görüşdə iştirak edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Rəyasət Heyəti aparatının Mülki Müdafiə şöbəsinin müdiri Nizami Vəliyev, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondun rəhbəri Röksanə Səfərzadə, Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva tərəfindən dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi qayğı vurğulanıb, bu sahədə həm Azərbaycanda, həm də Türkiyədə həyata keçirilən təşəbbüslərdən bəhs edilib.
Tədbirdə, həmçinin MEK-in qazi və şəhid ailələrindən olan əməkdaşları da iştirak ediblər.
Görüş müddəti qarşılıqlı hədiyyələr təqdim olunub, kitabxananın digər fondları və güşələrinə baxış keçirilib.
16:25 30.05.2025
Oxunuş sayı: 1044