Creativ Uşaq Moda Müsabiqəsi keçirilib




Bu gün uşaqlar üçün yadda qalan bir tədbir – Kreativ Uşaq Moda Müsabiqəsi təşkil olunub. Müsabiqədə 30 azyaşlı iştirak edib. Onlar öz fərqli geyimləri və səhnə performanslarını tamaşaçılara nümayiş etdiriblər.
Crossmedia.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, özünəinamlarını artırmaq və onları səhnə mədəniyyətinə təşviq etmək olub. Belə ki, müsabiqə müddətində uşaqlar fərqli mövzularda geyimlər nümayiş etdiriblər.
Maraqlı məqamlardan biri isə müsabiqə iştirakçılarından biri - Uğur Bağırovun səhnəyə çıxaraq “Azərbaycan” mahnısını canlı ifa etməsi olub. Onun ifası tədbirə xüsusi emosional çalar qatıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rejissor Vüqar Vaqifoğlu da tədbirdə iştirak edib. O, səhnəyə çıxaraq Azərbaycanın Dövlət Himninin səsləndirilməsini elan edib. Himn səsləndikdən sonra Vətən uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub.
“Vətən müharibəsində çox sayda igidimizi itirdik. Həmin şəhidlərdən birinin – Hümbətov Ramilin qızı Hümbətova Melisa da bu gün tədbirdə iştirak edir", – səhnədən bildirib.
Tədbirin təşkilatçısı Anar İsgəndərsoy çıxışında bildirib: “Hər kəs layiqli yerini tutacaq. Əvvəllər yarışmalarda müxtəlif mübahisələr olurdu, amma bizdə yerlər yalnız haqq və ədalət prinsipi ilə müəyyən edilir. Bu səhnədə yalnız ədalətlə irəliləmək istəyən uşaqlar var”.
Qeyd edək ki, yarışmanın açılış mərasimində mərhum reper Hüseyn Dəryanın tələbəsi də iştirak edib. O, müəlliminə ehtiram əlaməti olaraq Hüseyn Dəryanın mahnılarından birini ifa edib.
16:40 17.05.2025
Oxunuş sayı: 1921