Google Play-dən tətbiq təmizliyi

2024-cü ilin əvvəlindən etibarən Google Play tətbiq bazarında ciddi azalma müşahidə olunub. Appfigures tətbiq analiz şirkətinin yaydığı məlumata görə, Android platforması üçün mövcud olan tətbiqlərin sayı bu dövrdə 3.4 milyon-dan 1.8 milyon-a düşüb. Bu isə ümumilikdə 47%-lik azalma deməkdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik qlobal bazarda ümumi tendensiyanın əksi kimi qiymətləndirilir. Belə ki, Apple-ın iOS App Store-u eyni müddətdə 1.6 milyon tətbiqdən 1.64 milyon tətbiqə qədər artım nümayiş etdirib.
Mütəxəssislər bildirirlər ki, Google-un bu addımı Android istifadəçiləri üçün müsbət nəticələr verə bilər. Belə ki, saxta, spam və keyfiyyətsiz tətbiqlərin azalması nəticəsində istifadəçilər daha keyfiyyətli və etibarlı tətbiqlərə daha asan çatacaq. Eyni zamanda bu vəziyyət, tətbiq tərtibatçılarına da daha çox görünürlük imkanı yarada bilər.
Hazırda Google-un bu təmizləmə prosesini hansı kriteriyalar əsasında həyata keçirdiyi tam açıqlanmasa da, bu qərarın təhlükəsizlik və keyfiyyət standartlarının artırılması məqsədi daşıdığı güman olunur.
Zeynəb Yunuszadə
14:44 12.05.2025
Oxunuş sayı: 666