Bir ana, bir ağac, bir vətən – İnanıram monotamaşası yaddaşlara yazıldı



10 may tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan "İnanıram" monotamaşası tamaşaçıları sükuta qərq edib, ardınca isə göz yaşlarına bürüyüb. Crossmedia.az xəbər verir ki, tamaşa, müharibədə yeganə oğlunu itirmiş bir ananın iç dünyasını və ana sevgisinin vətən sevgisi ilə necə vəhdət təşkil etdiyini bədii dildə ifadə edir.
Hadisələr dağ kəndində arxeoloji qazıntılar zamanı başlayır. Ana olacağını yeni öyrənən gənc qadın bir yamacda, tək başına boy atmaqda olan ağacla qarşılaşır. Bu təsadüf, bir qadınla bir ağac arasında illərlə qırılmayacaq mənəvi bir bağın yaranmasına səbəb olur. Qadın uzun illər işğal altında olan bu ərazidən uzaq düşsə də, oğluna daim bu ağacdan danışır, onu bir gün bu yerə gətirməyi arzulayır.
Amma həyat başqa cür yazılıb – illər sonra məhz həmin ərazini işğaldan azad edən oğlu, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Və qadının bu dünyada sığınılacaq tək ünvanı qalır, yamacdakı tək ağac... O, həmin ağacı son dəfə görmək və onun kölgəsində əbədiyyətə qovuşmaq üçün geri qayıdır. Tamaşada "Həsrət nəğməsi"nə də yer verilib.
Tamaşa şəhidlərimizin müqəddəs ruhuna, xüsusilə şəhid analarının sarsıdıcı ağrısına ithaf olunub. Teatrın sevilən və istedadlı aktrisalarından biri olan Zemfira Əbdülsəmədovanın dilində səslənən hər bir cümlə, tamaşaçı qəlbinin dərinliklərinə toxunur. O, səhnədə tək olsa da, təqdim etdiyi obraz minlərlə ananın içində susaraq qışqıran səsləri kimi eşidilir.
Tamaşa başa çatanda səslənən alqışlar, səhnədə deyil, bir kütlənin yaddaşında yaşayacaq bir hekayənin təntənəsidir.
Ayan Sədi
22:46 10.05.2025
Oxunuş sayı: 5701