Samsung-un yeni qərarı

Samsung, adətən yalnız yeni cihaz alındıqda əldə edilə bilən Care+ xidmətinə qoşulma qaydalarında dəyişiklik edib. Artıq 15 iyuna qədər istifadəçilər müəyyən Galaxy modelləri ilə bu xidmətə sonradan da qoşula biləcəklər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, yalnız Galaxy S25, S25+, S25 Ultra, Z Fold6, Z Flip6, Tab S10+ və Tab S10 Ultra modellərinə sahib olan istifadəçilər bu fürsətdən yararlana biləcəklər. Şirkətin əsas tələbi isə cihazın fiziki olaraq sağlam vəziyyətdə olmasıdır. Əgər cihaz zədəlidirsə, əvvəl təmir olunmalı, daha sonra Care+ xidmətinə qoşulmaq mümkündür. Samsung cihazın vəziyyətini yoxlamaq üçün videozənglə vizual yoxlama həyata keçirir.
Samsung Care+ (Oğurluq və İtki daxil olmaqla) xidmətinin gündəlik ödənişi 0.32$ ilə 0.58$ arasında dəyişir. Xidmət çərçivəsində sınıq və maye zədələri daxil olmaqla limitsiz təmir, ekran və arxa şüşənin eyni gün ərzində 0$-a dəyişdirilməsi, oğurluq və itki hallarında cihazın dərhal əvəz olunması mümkündür. Bütün xidmətlər ABŞ üzrə 700-dən çox rəsmi Samsung servis mərkəzində həyata keçirilir və yalnız orijinal ehtiyat hissələrindən istifadə olunur.
Mütəxəssislər bu addımı, istifadəçilərin cihazlarını daha uzun müddət təhlükəsiz və zəmanətli şəkildə istifadə etməsinə imkan verən əhəmiyyətli yenilik kimi qiymətləndirirlər.
Zeynəb Yunuszadə
23:45 02.05.2025
Oxunuş sayı: 1131