SOCAR istiqrazlarının 14-cü kupon ödənişi edilib

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “SOCAR Capital”dan bildirilib. 9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR istiqrazlarının 14-cü kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 15 milyon 750 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).
İstiqrazların növbəti kupon ödənişi 1 avqustda baş tutacaq.
Məlum olduğu kimi, SOCAR tərəfindən yaşıl enerji layihələrini dəstəkləmək məqsədilə buraxılan “Yaşıl” təyinatlı yeni istiqrazların cari ilin 7 mart tarixindən etibarən Bakı Fond Birjasında tədavülünə start verilib. İllik 6 faiz gəlirliliklə 5 illik müddətə buraxılan və faizləri rüblük qrafiklər əsasında ödəniləcək olan “Yaşıl” istiqrazların ilk kupon ödənişi 7 iyun tarixində baş tutacaq (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
19:35 01.05.2025
Oxunuş sayı: 747