Ölkədə vahid taksi xidməti yaradılmalıdırmı? -FİKİR AYRILIĞI

Azərbaycanda bir neçə taksi şirkəti var. Onlar qiymətin, keyfiyyətinə görə bir - birindən fərqlənirlər. Əslində bu bir baxımdan yaxşıdır: müştəri üçün seçim olur, digər tərəfdən isə taksilərin xidmətinə vahid mərkəzdən nəzarətin olmaması işi çətinləşdirir. B isə sürücü ilə müştəri, bəzən də hətta şirkətlə müştəri arasında problemlərə səbəb olur. Hər iki tərəf keyfiyyət və qiymətin mütənasib olduğunu əsas gətirsələr də, fikir ayrılığının həlli tapılmır. Belə bir şəraitdə bir çox xarici ölkədə olduğu kimi, ölkəmizdə də vahid taksi şirkətinin yaradılması məsələsi aktuallığını qoruyur.
Bu barədə Crossmedia.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda taksi xidməti bazarı hazırda rəqabətli şəraitdə fəaliyyət göstərir və qiymətlər digər sahələrə nisbətən daha ağlabatan səviyyədədir: "Bu vəziyyət müstəqil taksi şirkətləri və fərdi sürücülərin bazarda fəaliyyət göstərməsi ilə təmin edilir. Əvvəlki təcrübələrə deyə bilərik ki, vahid taksi xidmətinin və ya şirkətinin yaradılması cəhdləri əsasən effekt verməyib və cəmiyyətdə narazılığa səbəb olub. Sovet dövründə tətbiq olunan vahid taksi xidməti sistemi, qiymətlərin yüksəkliyi və xidmətin keyfiyyətsizliyi ilə yadda qalıb. Bu səbəbdən, mövcud rəqabət mühitinin qorunması və genişləndirilməsi tövsiyə olunur. Dövlətin rolu isə əsasən təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi və nəzarətindən ibarət olmalıdır. Bu yanaşma, həm sahibkarlığın inkişafına, həm də istehlakçıların maraqlarının qorunmasına xidmət edəcəkdir".
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə isə, artıq vahid taksi xidməti ölkəmizdə, demək olar ki, formalaşıb.
"Burada “vahid taksi xidməti” dedikdə bir tək taksi qarajı və ya yalnız bir şirkətin fəaliyyət göstərməsi nəzərdə tutulmur. Əslində məqsəd ölkədə fəaliyyət göstərən bütün taksi şirkətlərinin vahid bir sistem və platforma üzərindən qeydiyyatdan keçməsidir. Hazırda bu sistem mövcuddur və bütün taksi şirkətləri müvafiq dövlət qurumlarının nəzarətində olan həmin sistemə inteqrasiya olunub. Bu, o deməkdir ki, müvafiq qurumlar istənilən vaxt sistemdə qeydiyyatda olan taksi sürücülərinin fəaliyyətini, avtomobillərinin hərəkət trayektoriyasını, qəbul etdikləri sifarişləri və digər məlumatları rahatlıqla izləyə bilirlər. Beləliklə, vahid baza üzərindən bütün proseslərə nəzarət imkanı yaranıb. Bu, taksi xidmətlərinin şəffaflığını və təhlükəsizliyini artırır".
Çinarə Tarverdiyeva
13:11 17.04.2025
Oxunuş sayı: 1460