QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət edib

Həcc ziyarətinə getmək istəyən vətəndaşların Novruz və Ramazan bayramı günlərində sənədlərini təqdim edəcəyi ünvanlar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bununla bağlı vətəndaşlara müraciət edib.
Onun sözlərinə görə, Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də davam edəcək:
"Martın 24-29-da idarə və əməkdaşlıq etdiyimiz bank işləyəcək. Ona görə də vaxtın azlığını nəzərə alaraq Həcc niyyətində olan vətəndaşlardan sənədlərini təqdim etmələrini istəyirik".
Vətəndaşlar martın 25, 26, 27 və 28-də ABB filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilər:
Bakı-Abşeron üzrə: Sumqayıt, Binəqədi, Yasamal, Sabunçu, Əhmədli, Əcəmi, Nizami, 1 saylı "ASAN xidmət", 2 saylı "ASAN xidmət", 3 saylı "ASAN xidmət", 5 saylı "ASAN xidmət" və 6 saylı "ASAN xidmət" mərkəzləri saat 10:00-17:00 arasında sənədləri qəbul edəcək.
Mərdəkan, Suraxanı, Yeni Sumqayıt, Nərimanov, Səbail, Gənclik, Nəsimi, Şərifzadə, Xırdalan və Xətaidə isə sənəd qəbulu saat 10:00-dan 14:00-dək ABB filiallarında aparılacaq.
Regionlara gəldikdə isə Gəncə, Şəki, Lənkəran, Şəmkir, Naxçıvan, Tovuz, Mingəçevir, Gəncə Mərkəz və İmişlidəki ABB filiallarında Həccə sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.
Xatırladaq ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
11:25 19.03.2025
Oxunuş sayı: 1510