Hollivud süni intellektə qarşı çıxır

Hollivud aktyorları, rejissorları və ssenaristləri də daxil olmaqla 400-dən çox məşhur şəxs hökumətdən süni intellekt sahəsindəki qanunları yumşaltmamağı tələb edib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 400-dən çox Hollivud sənaye nümayəndəsi yayımladıqları açıq məktubda hökuməti mövcud süni intellekt qanunlarını qorumağa çağırıb.
Hollivud aktyorları, rejissorları və ssenaristləri də daxil olmaqla, bir çox məşhurun imzaladığı bu məktubda OpenAI və Google-un süni intellekti öyrətmək üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə etmə təklifinə etiraz edilib.
Məktuba imza atanlar arasında Ben Stiller, Ayo Edebiri, Kara Delevin, Kloi Fineman, Keyt Blanşett, Gilermo del Toro və Taika Vaititi kimi tanınmış adlar yer alıb.
Məktubda qeyd olunub ki, süni intellektin inkişafı üçün mövcud qanunların yumşaldılması Hollivud sənayesinə mənfi təsir göstərə bilər.
Hollivud uzun müddətdir ki, süni intellektin yayılmasının sektora ciddi zərər vuracağını bildirərək, bu texnologiyaya qarşı mübarizə aparır. Sənətçilər süni intellekt vasitəsilə rəqəmsal surətlərinin yaradılmasına və hətta onların ölümündən sonra belə bu surətlərin istifadəsinə qarşı çıxırlar.
Pərvin Hacıyeva
15:40 18.03.2025
Oxunuş sayı: 678