Aliment Fondu: sosial dəstək, yoxsa saxta boşanmalara səbəb?

Aliment Fondunun yaradılması sosial müdafiə sisteminin gücləndirilməsi baxımından mühüm addım olsa da, bu təşəbbüs bəzi riskləri də özündə ehtiva edir. Belə ki, aliment ödənişlərinin dövlət tərəfindən qarşılanması bəzi şəxslər tərəfindən sui-istifadə edilə bilər və bu, saxta boşanmaların sayının artmasına səbəb ola bilər. Yəni bəzi ailələr aliment almaq məqsədilə formal boşanmalara gedə, lakin faktiki olaraq birlikdə yaşamağa davam edə bilərlər. Bu riskin qarşısını almaq üçün ciddi hüquqi mexanizmlər tətbiq edilməli, saxta boşanmaların aşkar olunması üçün xüsusi nəzarət mexanizmləri qurulmalı və cəzalar sərtləşdirilməlidir.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlama verib:
"Xarici ölkələrin təcrübəsində aliment fondlarının yaradılması geniş yayılmış və işlək bir mexanizmdir. Lakin bu məsələdə əsas problemlərdən biri saxta boşanmalarla bağlıdır. Tarixən müxtəlif səbəblərə görə saxta boşanmalar olub və bu gün də rast gəlinir. Məsələn, keçmiş məcburi köçkünlər eyni rayonda iki fərqli ev əldə etmək üçün rəsmi olaraq boşanır, özlərini ayrı-ayrı təsərrüfat kimi təqdim edirdilər. Lakin zamanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu halları aşkara çıxarmağa başladı və bununla bağlı mübarizə layihəsi təqdim etdi".
Hüquqşünas bildirib ki:
"Düşünürəm ki, dövlət qurumları bu cür saxta boşanmaların qarşısını almaq üçün daha sərt qanunlar qəbul etməli və ciddi cəza mexanizmləri tətbiq etməlidir. Əgər dövlət büdcəsindən saxta sənədlər vasitəsilə vəsait ayrıldığı aşkar olunarsa, buna yol verən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir. Bu yolla aliment fondundan sui-istifadənin qarşısını almaq mümkündür. Bununla yanaşı, aliment fondlarının maliyyə mənbələri və sonrakı maliyyələşmə mexanizmləri ilə bağlı ciddi müzakirələr aparılmaqdadır. Bu problemin həlli üçün əhalinin işləməyən təbəqəsinin məcburi əməyə cəlb olunması da bir çıxış yolu kimi dəyərləndirilə bilər".
Ayhan Ağarzayev
18:10 15.03.2025
Oxunuş sayı: 5260