Qadınların özəl və gözəl günü: 8 Mart - Cross Medianın reportajı



Hər il 8 Mart dünyanı gözəlləşdirən qadınların günü olaraq qeyd edilir. Gözəllikdən təkcə zahiri parlaqlıq anlaşılmasın çünki qadın gözəlliyi ən çox onun səssiz fədakarlığında yorğun baxışlarındakı şəfqətdə heç kim görməsə də, bir köşədə göz yaşlarını silib yenidən gülümsəməsində gizlənib. Qadın sadəcə bir ad deyil. O, bəzən bir anadır, bəzən bir bacı, bəzən bir sevdalı, bəzən bir qırıq hekayənin qəhrəmanıdır. Amma həmişə bir döyüşçüdür. Onun bəzən içində, bəzən çöldə, bəzən ən yaxın bildiklərinə qarşı səsini çıxarmadığı savaşları var. Amma o hər zaman dayanmağı bacarır. Hər zaman sevginin ən saf halını özüylə daşıyır. Bəzən elə düşünürlər ki qadınlar yalnız incə olmalıdır. Amma unudurlar ki, incə olmaq zəif olmaq deyil. Çünki incə bir gül budağı belə tufana meydan oxuyur çünki ən kövrək görünən ürək ən böyük sevgini daşıyır .Küçələrdə əlində gül buketləri ilə gəzən insanlar, mağazalarda qadınlar üçün xüsusi endirim kampaniyaları və sosial mediada saysız-hesabsız təbrik mesajları bu günün ənənəvi mənzərəsinə çevrilib. Amma əsl sual budur:
Qadınlara verilən dəyər təkcə bir günlə məhdudlaşmalıdırmı?
Bəzən bu günün mahiyyəti sadəcə zahiri jestlərlə məhdudlaşır. Güllər alınır, hədiyyələr verilir, təbrik mesajları göndərilir, lakin ertəsi gün hər şey unudulur. Halbuki qadınların cəmiyyətdəki rolu, onların çəkdiyi çətinliklər və mübarizələri bir günlük diqqətlə bitmir. Qadınlara verilən dəyər hər gün hiss etdirilməlidir, yoxsa verilən hədiyyələrin mənası itir.
Hazırda dünyamızda qadınlar cəmiyyətin demək olar ki, bütün sahələrində mühüm rol oynayırlar. Onlar həkim, müəllim, mühəndis, alim, siyasətçi, sahibkar və daha bir çox peşənin nümayəndəsidir. Amma hələ də gender bərabərliyi tam təmin olunmayıb. Təəssüf ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qadınlar müxtəlif sahələrdə ayrı-seçkilik, zorakılıq kimi problemlərlə üzləşirlər.
Bu gün sosial mediada və küçələrdə çox maraqlı mənzərələr müşahidə edilir. Bəziləri sevinc içində analarına, bacılarına və həyat yoldaşlarına hədiyyələr alır, bəziləri isə bu günü sadəcə bir borc kimi yerinə yetirir. Amma hədiyyənin ən dəyərli tərəfi onun məbləği deyil, arxasındakı səmimiyyətdir.
Ətrafımızda əlində gül tutan uşaqları, sevdiklərini sevindirmək üçün tələsən insanları görmək mümkündür. Lakin bu günün ən gözəl mənzərələrindən biri, bəlkə də, anasına gül alıb sevinc içində qucaqlayan balaca idi.
Bu şəkil təkcə bir uşağın anasına olan sevgisini deyil, həm də anaların bizim üçün nə qədər dəyərli olduğunu göstərir. O, kiçik əlləri ilə bir gül alıb, amma bu gülün arxasında böyük bir məhəbbət dayanır. Ana ömrümüzün ilk və ən güclü sevgisi, həyatımızın ən doğma insanıdır. O, qayğıkeşliyi, sevgisi və sonsuz fədakarlığı ilə hər zaman yanımızdadır.
Bu uşağın simasında bütün övladların analarına olan sevgisini görmək mümkündür. O, anasına yalnız bir çiçək yox, sevgisini, minnətdarlığını və sonsuz hörmətini bəxş edir. Analara sevgi və dəyər göstərmək üçün təkcə 8 Mart deyil, hər gün bir fürsətdir.
Daha sonra qiqqətimi çəkən isə zibil qutusuna atılmış gül buketləri oldu. Düşünürəm ki, bəziləri bunun tələsik alınmış, dəyərsiz bir hədiyyə olduğunu düşünərək , bəziləri isə verilən hədiyyənin və ya münasibətin səmimi olmadığını hiss edərək atıb. Bildirim ki, qadınlar üçün ən gözəl hədiyyə bahalı zinət əşyaları, böyük gül buketləri və ya bahalı restoranlarda verilən şam yeməkləri deyil. Onlar üçün ən vacib olan hörmət, sevgi və dəyər görməkdir. Onların fikirlərinə əhəmiyyət vermək, uğurlarına sevinmək, çətin anlarında dəstək olmaq və onların hüquqlarını qorumaq, cəmiyyətdə daha güclü mövqe tutmaları üçün yol açmaq ən gözəl hədiyyədir.
Hazırladı,
Fidan Xəlilova
Xumar Əhmədova
14:27 08.03.2025
Oxunuş sayı: 4069