XVI Beynəlxalq Multikulturalizm Məktəbi Qubada davam edir



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbi Qubada işini davam etdirir. XVI Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən olan 25 tələbə iştirak edir.
Crossmedia.az xəbər verir ki, martın 4-də iştirakçılar “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov təqdim edib. O çıxışında Azərbaycan cəmiyyətində əsrlər boyu mövcud olan dini müxtəliflik və tolerantlıq ənənələri haqqında məlumat verib. Ölkəmizin müxtəlif dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı nadir məkanlardan biri olduğunu vurğulayıb. Azərbaycan xalqının tarixi ənənələrinə əsaslanan multikulturalizm və tolerantlıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi diqqətə çatdırıb. A.Qafarov, həmçinin dini müxtəlifliyin Azərbaycan cəmiyyətinin sosial və mədəni inkişafına təsiri, dini icmalar arasında dialoq və əməkdaşlıq imkanları, eləcə də bu sahədə qarşıda duran çağırışlardan danışıb.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, interaktiv müzakirələr aparılıb, sonda suallar cavablandırılıb.
XVI Beynəlxalq Multikulturalizm Məktəbi martın 10-dək davam edəcək. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyəcəklər, məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.
Quba və Qusar rayonlarında ekskursiyalar təşkil ediləcək – İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış olacaqlar, Altı günbəz və “Giləki” sinaqoqlarını ziyarət edəcəklər.
Qonaqlar, həmçinin Heydər məscidində, Rus Provaslav Kilsəsində, Dağ Yəhudiləri Sinaqoqunda, Müqəddəs Məryəm Katolik kilsəsində də olacaqlar.
13:20 05.03.2025
Oxunuş sayı: 1384