Komendant pulu: Qanunidir yoxsa MTK-nın özbaşınalığı?

Tikinti şirkəti binanı tam hazır vəziyyətdə sakinlərə təhvil verdikdən sonra sakinlər 6 ay ərzində idarəetmə qurmalıdır. Əgər bu baş verməsə, idarəetmə ərazi bələdiyyəsi tərəfindən təmin edilir. Bələdiyyə isə müəyyən müddət idarəetməni həyata keçirdikdən sonra sakinlər ya onu öz üzərinə götürməli, ya da hər hansı idarəetmə şirkətinə həvalə etməlidir. Lakin əksər hallarda Mənzil Tikinti Kooperativi (MTK) özləri komendant təyin edir və sakinlər hər ay müəyyən məbləğ ödəməli olurlar.
Bəs komendantın sakinlərdən aylıq ödəniş tələb etməsi qanunidirmi?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Arslan Mikayılov Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki, təəssüflər olsun ki, bu sahədə kifayət qədər boşluqlar var və bəzi işbazlar bu boşluqlardan öz xeyirlərinə istifadə edirlər. Mənə şəxsən bu məsələ ilə bağlı bir neçə dəfə vətəndaşlar müraciət ediblər: "Belə ki, MTK rəhbərliyi özbaşına binanın saxlanma xərclərini artırır. Bununla razılaşmayan sakinlərin qanunsuz olaraq liftə giriş hüququ və parklanma hüquqları məhdudlaşdırılır. Ölkədə bununla bağlı kifayət qədər şikayətlər var. İnsanların haqlı narazılıqları mövcuddur, lakin qanunvericilikdə boşluqlar olduğuna və sakinlər arasında birlik olmadığı üçün belə çətinliklər yaşanır.
Bu problemlərin əsas səbəblərindən biri odur ki, sakinlər MTK tərəfindən bina təhvil alındıqdan sonra müvafiq qaydada Ədliyyə Nazirliyinin aidiyyəti idarəsində qeydiyyata alınmalıdırlar. Daha sonra binanın saxlanması üçün komendant deyil, sakinlər birlik yaradıb onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Ardınca onlar öz daxili iclaslarında komendant təyin edirlər. Nəticədə binanın saxlanması üçün kommunal ödənişləri, zibilin atılması, təmir və lift xərclərini özləri müəyyən edirlər.
Lakin bir çox hallarda sakinlər prosesin mürəkkəb olduğuna görə komendantın idarəçiliyini qəbul edirlər. Həmçinin bu prosesdə müvafiq sənədlərin toplanılmasını nəzərə alsaq, hüquqi baxımdan düzgün icra olunması üçün hüquqşünasların köməyinə ehtiyac duyulur".
Hüquqşünasın sözlərinə görə, bina tikilib təhvil verildikdən sonra idarəçilik ya bələdiyyəyə, ya da mənzil-kommunal təsərrüfatı təşkilatlarına verilməlidir: "Lakin bir çox hallarda bu, həyata keçirilmir və nəticədə qanunsuzluqlar baş verir. Bununla bağlı məhkəmə çəkişmələri də mövcuddur. Məhkəmə qərarları göstərir ki, bəzi hallarda MTK-nın hərəkətləri qanunsuzdur.
Qanuna əsasən, Mənzil Tikinti Kooperativində (MTK) bütün qərarlar sakinlərin ümumi iclasında qəbul edilməlidir. Məsələn, MTK-ya üzvlük, üzvlükdən çıxarılma, saxlanma xərclərinin müəyyən edilməsi və s. məsələlər sakinlərin birgə səsverməsi əsasında həll edilməlidir. Lakin bir çox hallarda özbaşına qərarlar verilir və bu da sakinlərin narazılığına səbəb olur".
Hüquqşünas müəyyən ödənişlərin edilməsinin vacibliyindən də danışdı: "Binanın ümumi istifadədə olan sahələrinin (blok, lift, işıqlandırma və s.) saxlanması üçün xərclər mövcuddur. Lakin problem ondadır ki, MTK-lar istədikləri məbləği özbaşına təyin edirlər.
Bəzi hallarda hətta mənzildə yaşayış olmasa da, MTK həmin mənzil üçün borc hesablayır və sakinləri müxtəlif yollarla ödəniş etməyə məcbur edir. Belə hallar olduqca yayğındır və əsas səbəb qanunvericilikdə olan boşluqlardır. Sakinlər isə ya prosesin çətinliyindən çəkinir, ya da hüquqi prosedurları bilmədikləri üçün məhkəməyə müraciət etmirlər.
Ən azı sakinlər yığılan pulların hara xərcləndiyini tələb etməlidir. MTK-lar hesabat verməlidir ki, sakinlərdən toplanan vəsaitlər hansı məqsədlərə sərf olunur.
Bakıda hazırda bu ödənişlər orta hesabla 30 qəpikdən 1-2 manata qədər dəyişir. Lakin bəzi elit binalarda hər kvadratmetrə görə 2-3 manat tələb edilir. Bu isə böyük mənzillərdə yaşayanlar üçün ciddi maliyyə yükü yaradır.
Sakinlər ən azından hesabat tələb etməli və öz hüquqlarını qorumaq üçün birləşməlidirlər. Əks halda, bu qanunsuzluqlar davam edəcək".
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də sualları cavabsız qoymadı. Onun sözlərinə görə, bələdiyyə idarəetməni həyata keçirmək məqsədilə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasını təmin etməlidir:
"Əksər hallarda MTK-lar özləri komendant təyin edirlər. Əgər həmin binada yaşayış 50%-i keçirsə, yəni artıq 51% sakin məskunlaşıbsa, sakinlər özləri Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini formalaşdıraraq qeydiyyatdan keçirə və binanın idarəetməsini həyata keçirə bilərlər.
Əgər bu proses həyata keçirilməzsə, binanın idarəçiliyi MTK-nın üzərində qalır. Bu zaman komendantlar əsasən sakinlərdən müəyyən kommunal vəsaitlərin toplanmasını həyata keçirirlər. Bu, əsasən binanın saxlanma xərcləri ilə bağlıdır. Belə ki, binanın mühafizəsi, su anbarının təmizlənməsi, su anbarı və lift üçün tələb olunan elektrik enerjisinə olan vəsaitin ödənilməsi birbaşa sakinlər tərəfindən qarşılanmalıdır".
Ekspert sakinlərin komendant ödənişindən imtina edə biləcəyindən də danışdı:
"Bu yalnız o halda mümkündür ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılır və həmin bina artıq bu cəmiyyət tərəfindən idarə olunur. Əgər MMMC yaradılmayıbsa, sakinlər üç yoldan birini seçməlidirlər:
Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmaq.
Bələdiyyəyə müraciət edərək idarəetməni bələdiyyəyə həvalə etmək.
Hər hansı bir kommunal idarəetmə həyata keçirən şirkətə həvalə etmək.
MTK-lar çox zaman bu idarəetmə işini müəyyən şirkətlərə həvalə edirlər və ya sakinlər tərəfindən MMMC yaradılmadığı üçün MTK üzvləri tərəfindən idarəetmə həyata keçirilir".
Elnurə Kərimova
17:42 03.03.2025
Oxunuş sayı: 1330