Amazon yeni Alexa+ süni intellekt köməkçisini təqdim etdi

Amazon, süni intellekt texnologiyaları ilə təkmilləşdirilmiş yeni Alexa+ köməkçisini təqdim edib. Şirkətin verdiyi məlumata görə, Alexa+ versiyası daha inkişaf etmiş AI texnologiyaları ilə təchiz olunub və istifadəçilərə daha fərdi təcrübə təqdim edəcək.
Crossmedia.az xəbər verir ki, Amazon-un cihazlar və xidmətlər üzrə rəhbəri Panos Panay, bu yeniliyin Alexa-nın tamamilə yenidən qurulması olduğunu bildirib. Yeni xidmətin qiyməti $19.99 təşkil edir, lakin Amazon Prime abunəçiləri üçün pulsuz olacaq.
Alexa+ istifadəçilərə daha fərdi suallara cavab vermək imkanı təqdim edəcək. Məsələn, bir istifadəçi “Bu il neçə kitab oxumuşam?” kimi suallar verə bilər və Alexa bu məlumatı Amazon hesabındakı məlumatlardan götürəcək. Bundan əlavə, sistem istifadəçilərə konsert biletlərinin satışa çıxması və ya restoran rezervasiyası etmək kimi işlərdə kömək edə biləcək.
Panay bildirib ki, indiyə qədər süni intellekt çatbotları Alexa-nın vizyonunu tam əks etdirmirdi, lakin bu yeni versiya şirkətin daha ağıllı və interaktiv köməkçi yaratmaq məqsədinə daha da yaxınlaşdığını göstərir.
Zeynəb Yunuszadə
17:54 27.02.2025
Oxunuş sayı: 1473