CROSSMEDIA - FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb
Hadisə

FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib.


Crossmedia.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanılan toplantılarda Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirlərdə erməni-daşnak şəbəkəsinin Qafqazda həyata keçirdiyi terrorçu və şovinist siyasətin tarixinə qısa ekskurs edilərək onların Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə və soyqırımı aktlarından bəhs olunub. Qeyd olunub ki, XX əsrdə azərbaycanlılara qarşı dəfələrlə terror və soyqırımı aktları həyata keçirən erməni cinayətkarları xalqımıza qarşı növbəti dəfə tarixin ən böyük cinayətlərindən birini 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdilər.


SSRİ ordusunun 366-cı motoatıcı alayından dəstək alan erməni silahlı dəstələri bütün humanist dəyərləri və beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq dinc əhaliyə hücum edərək bəşər tarixinin ən qanlı soyqırımını həyata keçirdilər. Erməni-daşnak terrorçularının reallaşdırdıqları dəhşətli soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi.


Tədbirlərdə çıxış edən natiqlər vurğulayıblar ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 24 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, beynəlxalq ictimaiyyətə müraciət edərək bu qətliamın gerçək mahiyyətini açıqlayıb, dünya birliyini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.


Bildirilib ki, Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır. Həmçinin, Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində Xocalı faciəsinin yaraları sarınır, erməni işğalından azad olunmuş digər ərazilərimiz kimi, Xocalı şəhəri də bərpa olunur, sakinlər öz yurdlarına qayıdırlar.


Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan və uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən də danışılıb.

Tədbirlərdə Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

17:55 26.02.2025

Oxunuş sayı: 1030

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR