Hüseyn Seyidov həbsdən vaxtından əvvəl azad edildi
Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının həbsdə olan sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılıb.
Crossmedia.az xəbər verir ki, Hüseyn Seyidovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciəti təmin edilib. O, cəza müddətinin 1 il 7 ayından vaxtından əvvəl azad olunub.
Məhkəmə, həmçinin onun iki il müddətinə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə növündə əlavə cəzadan tamamilə azad edilməsi barədə qərar qəbul edib.
Bundan sonra Hüseyn Seyidov cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişdirərək cəza müddətini azaldıb.
Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri yalnız Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi üzrə sübuta yetirilib.(Apa)
19:14 13.10.2026
Oxunuş sayı: 75