ABŞ-dən bütün dünyanı ələ keçirəcək layihə
Süni intellekt artıq yalnız texnologiya və innovasiya sahəsi ilə məhdudlaşmır, iqtisadiyyat, milli təhlükəsizlik, hərbi texnologiyalar və dövlət idarəçiliyində strateji amilə çevrilir. ABŞ Prezidenti Donald Trampın son addımı da Vaşinqtonun bu sahəyə verdiyi əhəmiyyətin daha bir göstəricisi kimi qiymətləndirilir. Tramp süni intellekt üzrə yeni “Super Intelligence Force” adlı federal işçi qrup yaradıb və onun rəhbərliyinə Milli Kəşfiyyat direktoru Cey Kleytonu təyin edib. Qrupun əsas məqsədlərindən biri ABŞ-ın süni intellekt sahəsində qlobal liderliyini qorumaq və bu texnologiyanın dövlət səviyyəsində inkişafı ilə bağlı siyasəti əlaqələndirməkdir.
Yeni təşəbbüs süni intellekt uğrunda qlobal rəqabətin artıq yalnız texnologiya şirkətləri arasında deyil, dövlətlər səviyyəsində də strateji mübarizə predmetinə çevrildiyini göstərir. Qrupa Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun texnologiya rəhbəri Emil Maykl və Kadrların İdarə Edilməsi Ofisinin direktoru Skot Kupor da daxildir. Qrup birbaşa Donald Trampa və Ağ Evin aparat rəhbəri Syuzi Uaylza hesabat verəcək.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt gələcəkdə dövlətlərin qlobal güc balansına təsir edən əsas amillərdən birinə çevrilə bilər:

“21-ci əsrdə süni intellekt haqqında geniş məlumatlar yayılmaqdadır. Bu texnologiya dünyanın yeni idarəetmə formasına keçməsinə, iş yerlərinin azalmasına, orduda robotlardan istifadə olunmasına və tibb sahəsində süni intellektlə çalışan robotların həkimləri əvəz etməsinə gətirib çıxarır. Günümüzdə süni intellektə kim daha çox sahiblənərsə və bu aləmdə inkişaf edərsə, dünyanın super gücünə çevriləcəkdir. Hazırda bu sahədə ən böyük uğurlar Amerika Birləşmiş Ştatlarına və Çinə məxsusdur. Donald Tramp da dəfələrlə bildirib ki, süni intellekt ən böyük silahlardan biridir və ABŞ bu sahədəki üstünlüyünü Çinə verməməlidir.
Tramp süni intellekti “super intellekt” adlandıraraq bu barədə müvafiq fərman imzalamışdır. Bu prosesi sürətləndirmək üçün yaradılan yeni işçi qrupuna Milli Kəşfiyyat direktoru Cey Kleyton, Federal Ticarət Komissiyasının sədri Əndryu Ferqyuson, Pentaqonun texnologiya rəhbəri Emil Maykl və Vaşinqton Kadr Xidməti İdarəsinin direktoru Skot Kupor daxildirlər. “Super intellekt” üzrə bu qrup birbaşa prezidentə və Ağ Evin aparat rəhbəri Syuzi Uaylza tabe olacaq.
Süni intellektin elmdə və digər sahələrdə xariqələr yaratması ilə yanaşı, onun nəzarətsiz qalmaması üçün yüksək səviyyəli mütəxəssislərin nəzarəti vacibdir. ABŞ-la yanaşı Avropa ölkələri, Rusiya və İsrail də bu sahədə iddialıdır. İsrail süni intellekt sayəsində üçüncü super güc olmağı hədəfləyir.
Azərbaycanın da bu sahədə savadlı mütəxəssisləri var və ölkəmizin gələcəkdə “super intellekt” sahəsində öz mövqeyini daha da inkişaf etdirəcəyi gözlənilir”.
Zeynəb Həsən
19:00 06.10.2026
Oxunuş sayı: 64