Ərzaq qiymətləri BAHALAŞIB
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq qiymətləri indeksi sentyabrda 136 bəndə yüksələrək illik müqayisədə 5,8 faiz artıb.
Crossmedia.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu barədə məlumat yayıb.
FAO-nun məlumatına görə, indeks avqust ayı ilə müqayisədə 1,5 faiz yüksəlib. Təşkilatın baş iqtisadçısı Maksimo Torero bildirib ki, Hörmüz boğazı və Qara dənizdə nəqliyyatla bağlı yaranan fasilələr iqlim dəyişikliklərinin yaratdığı problemlərlə birlikdə enerji, daşınma və əsas ərzaq məhsullarına təzyiq göstərir.
Sentyabrda taxıl məhsullarının qiymət indeksi avqustla müqayisədə 5,1 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 17,2 faiz artıb. Buğdanın dünya qiyməti aylıq ifadədə 6,3 faiz, qarğıdalının qiyməti isə 5,6 faiz yüksəlib.
Düyünün qiymətində 1,4 faiz, bitki yağlarında isə 0,9 faiz artım qeydə alınıb. Ət məhsullarının qiymət indeksi 1,1 faiz, süd məhsullarının qiymət indeksi isə 0,1 faiz azalıb.
Şəkərin qiyməti sentyabrda 6,1 faiz bahalaşıb. FAO bunu 2026/27 mövsümündə qlobal şəkər təklifinin azalacağı gözləntiləri, Taylandda istehsalın aşağı düşməsi və Hindistanda yağıntıların normadan az olması səbəbindən məhsuldarlıqla bağlı narahatlıqlarla əlaqələndirir. Braziliyanın mərkəzi-cənub bölgəsində güclü yağışlar və Avropa İttifaqında şəkər çuğunduru əkin sahələrinin azalması da qiymətlərə təsir edən amillər sırasında göstərilir.
FAO 2026-cı ildə qlobal taxıl istehsalının əvvəlki illə müqayisədə 2,1 faiz azalaraq 2,979 milyard ton olacağını proqnozlaşdırır. Bununla belə, bu göstəricinin tarixdə ikinci ən yüksək məhsul həcmi olacağı gözlənilir.
17:17 02.10.2026
Oxunuş sayı: 46