MEK tərəfindən akademik Kamal Abdullanın həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstərici hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dillər Universitetinin rektoru, Əməkdar elm xadimi, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdullanın həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanaraq işıq üzü görən nəşr akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr edilib.
Biblioqrafik göstəricidə alimin həyat və yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən məqalə və resenziyalar, müsahibələr, eləcə də onun elmi-pedaqoji fəaliyyəti ilə bağlı materiallar toplanıb.
Nəşrdə Ulu öndər Heydər Əliyevin 9 dekabr 1999-cu il tarixində Azərbaycan alimlərinə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin K.M. Abdullayevin “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilməsi haqqında sərəncamları yer alıb.
Biblioqrafik göstəricidə akademik Kamal Abdullanın Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, folklorşünaslıq və türkologiya sahələrində apardığı tədqiqatlar, ali təhsil sahəsindəki fəaliyyəti, müxtəlif elmi və ictimai layihələrdə iştirakı, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, eləcə də Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat təqdim olunub.
Nəşrin ayrı-ayrı bölmələrində Kamal Abdullanın müəllifi olduğu kitabların, elmi məqalələrin, bədii əsərlərin və tərcümələrin, həmçinin müxtəlif illərdə rəhbərlik etdiyi layihələrin biblioqrafik təsviri verilib. Kitabda, eyni zamanda, tanınmış dünya ziyalılarının və elm xadimlərinin akademik Kamal Abdulla haqqında fikirləri əks olunub.
Biblioqrafik göstəricinin elmi redaktorları MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Aygül Hacıyevadır. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirovadır. Tərtibçilər baş biblioqraf Afət Məmmədova və ADU-nun Azərbaycanşünaslıq və multikulturalizm mərkəzinin aparıcı elmi işçisi Ədilə Təhmasibdir.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici filologiya və mədəniyyətşünaslıq sahələrində çalışan alim və mütəxəssislər, tələbələr, gənc tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.
14:22 02.10.2026
Oxunuş sayı: 57