Kosmosda yeni savaş meydanı: ABŞ və Çin məlumat mərkəzləri uğrunda yarışır
Məlumat mərkəzlərinin kosmosa daşınması ilə bağlı ABŞ və Çinin apardığı işlər qlobal rəqəmsal infrastruktur üzərində gələcək nəzarətin kimdə olacağı ilə bağlı suallar yaradıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi”nin “Məlumatların kosmik səyahəti” adlı silsilə yazısının üçüncü hissəsində kosmosda yerləşdirilməsi planlaşdırılan məlumat mərkəzlərinin beynəlxalq rəqabətə, hüquq və təhlükəsizlik məsələlərinə təsiri araşdırılıb.
Kosmos hüququ üzrə çalışan hüquqşünas Joao Lupi bildirib ki, məlumat mərkəzlərinin orbitə çıxarılması ABŞ və Çin arasında artıq mövcud olan kosmos və texnologiya rəqabətini daha da gücləndirə bilər. Onun sözlərinə görə, “SpaceX”, “Google” və “NVIDIA” bu istiqamətdə fəaliyyətlərini sürətləndirir.
Lupi Çinin də kosmos əsaslı məlumat mərkəzləri sahəsində sürətlə irəlilədiyini qeyd edib. O bildirib ki, “Three-Body Computing Constellation” layihəsi çərçivəsində 2 800 peykin yerləşdirilməsinə icazə verilib və onlardan 12-si artıq orbitdədir.
Mütəxəssis hesab edir ki, Pekinin 2026–2030-cu illər üzrə planında kosmos əsaslı məlumat mərkəzlərinin prioritet kosmik infrastrukturlar sırasında yer alması bu sahədə rəqabətin sadəcə kommersiya mübarizəsi olmadığını göstərir. Onun fikrincə, əsas məsələ gələcəkdə rəqəmsal infrastruktur üzərində nəzarətin kimdə olacağıdır.
Kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi ilə bağlı mümkün hücumlar, beynəlxalq gərginliklər və artan kosmik trafik fonunda zəncirvari toqquşma riski də hüquqi və təhlükəsizlik məsələlərini gündəmə gətirir.
14:42 01.10.2026
Oxunuş sayı: 40