Alman bələdiyyələrindən rekord büdcə kəsiri
Almaniyada bələdiyyələr və bələdiyyə birliklərinin büdcə kəsiri 2026-cı ilin ilk yarısında 20,1 milyard avroya çataraq rekord həddə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) 2026-cı ilin ilk yarısına dair ilkin məlumatları açıqlayıb.
Məlumata görə, bu, 1990-cı ildə Şərqi və Qərbi Almaniyanın birləşməsindən bəri qeydə alınan ən yüksək ilk yarımillik büdcə kəsiridir. Kəsirin 20 milyard avroluq hissəsi bələdiyyələrin əsas büdcələrindən, 100 milyon avroluq hissəsi isə büdcədənkənar fondlardan yaranıb.
Bələdiyyələrin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 204,1 milyard avroya, gəlirləri isə 3 faiz artaraq 184 milyard avroya çatıb. Ötən ilin ilk yarısında xərclərin artımı 6,9 faiz, gəlirlərin artımı isə 6 faiz təşkil edib.
Bələdiyyələrin xalis vergi gəlirləri isə cəmi 0,9 faiz artaraq 57,3 milyard avro olub. Artan personal, faiz və sosial yardım xərclərinin bələdiyyələrin maliyyə vəziyyətinə təzyiq göstərdiyi bildirilib.
Bununla yanaşı, Almaniya iqtisadiyyatında ixracın bərpası, müdafiə və infrastruktur fondlarından yatırımlar hesabına artım müşahidə olunur. İqtisadi araşdırma institutları hökumət üçün hazırladıqları payız hesabatında 2026-cı il üzrə artım proqnozunu 0,6 faizdən 1,3 faizə yüksəldiblər.
13:38 01.10.2026
Oxunuş sayı: 45