Almaniya və Rusiya XİN rəhbərləri görüşüb
Almaniyanın xarici işlər naziri İohann Vadeful Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qara dənizdə gəmilərə hücumlar fonunda görüşdüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Vadeful bildirib ki, Qlobal Cənub ölkələrindən olan bir sıra həmkarları ondan Rusiya ilə danışıq aparmağı xahiş ediblər.
“Bir sıra həmkarlarım, xüsusilə Qlobal Cənub ölkələrindən olanlar, məndən Rusiya ilə danışmağı xahiş etdilər”, – deyə Almaniyanın XİN rəhbəri qeyd edib.
Nazir Qara dənizdə atəşkəsə çağırıb və dialoqun vaxtının çatdığını vurğulayıb. Onun sözlərinə görə, Almaniya ilə Rusiya arasında prinsipial fikir ayrılıqları mövcuddur və bu məsələlər müzakirə edilməlidir.
Lavrov və Vadeful sentyabrın 26-da, şənbə günü Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında görüşüblər.
Rusiya və Almaniya xarici işlər nazirlərinin bundan əvvəlki görüşü 2022-ci ilin yanvarında Moskvada baş tutub. Həmin vaxt Almaniyanın xarici işlər naziri vəzifəsini Annalena Berbok tuturdu.
Budəfəki danışıqlar qapalı formatda keçirilib və təxminən 20 dəqiqə davam edib.
23:54 27.09.2026
Oxunuş sayı: 41