Telefonunuz sizi dinləyir? - Reklamların arxasındakı HƏQİQƏT
Gündəlik söhbətlərdən sonra həmin mövzu ilə bağlı reklamların smartfonlarda görünməsi bir çox istifadəçidə eyni sualı yaradır: “Telefonlarımız bizi dinləyir?”
Crossmedia.az xəbər verir ki, smartfonların istifadəçilərin gündəlik söhbətlərini gizli şəkildə dinləyərək reklamları buna uyğun göstərməsi ilə bağlı geniş yayılmış təsəvvür doğru deyil.
Lakin tətbiqlərin topladığı məlumatlar və istifadəçiyə verdiyimiz icazələr şəxsi məlumatların qorunması baxımından ciddi əhəmiyyət daşıyır.
Mütəxəssislər xüsusilə yeni tətbiq quraşdırarkən onun hansı məlumatlara və funksiyalara giriş tələb etdiyinə diqqət yetirməyi tövsiyə edir.
Bildirilir ki, istifadəçilər tətbiqləri quraşdırdıqdan sonra onların mikrofon, kamera və digər funksiyalara giriş icazələrini nəzarətdə saxlamalıdırlar.
Belə ki, telefonun səs parametrlərini yoxlamaq və mikrofon icazəsini yalnız həqiqətən ehtiyac olan tətbiqlər üçün aktiv saxlamaq vacibdir.
Mütəxəssislər sosial media platformalarında fərdiləşdirilmiş reklam sistemlərinin də istifadəçi davranışları əsasında işlədiyini qeyd edir. Bu funksiyaların məhdudlaşdırılması istifadəçiyə təqdim olunan fərdiləşdirilmiş reklamların və məlumatların azalmasına səbəb ola bilər.
İstifadəçilərin “telefon məni dinləyir” təəssüratı çox vaxt reklam sistemlərinin topladığı müxtəlif məlumatların nəticəsi ola bilər.
Axtarış tarixçəsi, baxılan videolar, ziyarət edilən saytlar, tətbiqlərdəki fəaliyyət, yerləşmə məlumatları və onlayn davranışlar reklam sistemlərinin istifadəçi haqqında müəyyən profil formalaşdırmasına imkan verə bilər.
Bu səbəbdən istifadəçi müəyyən bir məhsul və ya mövzu haqqında danışdıqdan sonra həmin mövzu ilə bağlı reklam görməsini telefonun onu dinləməsi kimi qəbul edə bilər.
Mütəxəssislər istifadəçilərə tətbiqlərin icazələrini mütəmadi yoxlamağı, ehtiyac olmayan mikrofon və kamera girişlərini bağlamağı və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləməyi məsləhət görürlər.
Bundan başqa, sosial media platformalarında fərdiləşdirilmiş reklam və məlumat toplama ilə bağlı məxfilik parametrlərini nəzərdən keçirmək də şəxsi məlumatların qorunmasına kömək edə bilər.(Qafqazinfo)
10:27 21.08.2026
Oxunuş sayı: 50