09:25 08.11.2026
İran Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb
10
İran Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü, həmçinin Keşm adasında partlayış səslərinin eşidildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, hadisələrlə bağlı “Təsnim”, “İRNA” və “Fars” xəbər agentlikləri, eləcə də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Təsnim” agentliyinin adının açıqlanmasını istəməyən iranlı rəsmi şəxsə istinadən yaydığı xəbərdə Keşm adasında eşidilən iki partlayış səsinin Hörmüz boğazı ilə əlaqəli olduğu bildirilib. Rəsmi şəxs adaya indiyədək hər hansı hücumun olmadığını qeyd edib. “İRNA” da adanın daxili hissələrində və şərqində partlayış səslərinin eşidildiyini açıqlayıb. “Fars” agentliyi isə Hörmüzqan əyalətinin Cask şəhərində də partlayış səsinin qeydə alındığını bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında iki neft tankerinin Hörmüz boğazından keçməyə çalışarkən minaya düşdüyü bildirilib. Məlumata görə, tankerlərdən biri boğazın şərqində, digəri isə onun daxilində hərəkət edib. Gəmilərin izləmə sistemlərini söndürərək keçməyə çalışdığı və hadisədən sonra hər ikisində yanğın baş verdiyi qeyd olunub.
SEPAH ABŞ-ın təzyiqi ilə gəmilərin minalanmış ərazilərdən keçməyə çalışacağı təqdirdə oxşar hadisələrin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.
Digər tərəfdən, CENTCOM Oman körfəzində ABŞ-ın dəniz blokadasını pozduğu iddia edilən ticarət gəmisinin hərəkətsiz vəziyyətə gətirildiyini açıqlayıb. Bildirilib ki, gəminin heyətinə xəbərdarlıq edildikdən sonra ABŞ təyyarəsi dəqiq idarə olunan sursatla onun arxa hissəsinə zərbə endirib.
CENTCOM-un iddiasına görə, gəmi İran limanlarından birinə səfər etdikdən sonra regional sulardan çıxmağa hazırlaşırmış. Qurum iyul ayından bəri 147 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini, daha 5 gəminin isə hərəkətsiz vəziyyətə gətirildiyini bildirib.