CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

09:37 08.11.2026

Fransada etirazlar zamanı yüzlərlə şəxs saxlanılıb

29

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyalarında polis nümayişçilərə gözyaşardıcı qaz, dəyənək və su şırnaqları ilə müdaxilə edib. Crossmedia.az xəbər verir ki, Anadolu Ajansı bu barədə məlumat yayıb. Fransada “Sarı jiletlilər” hərəkatı üç həftədir yaşayış xərclərinin artmasına qarşı ölkə üzrə etiraz aksiyaları keçirir. Hərəkatın və müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 7-də Paris, Marsel və Tuluza da daxil olmaqla, bir sıra şəhərlərdə insanlar yenidən küçələrə çıxıblar. Paris şəhərində aksiya yerli vaxtla saat 14:00-da tarixi Respublika meydanında başlayıb. Ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, nümayiş marşrutu üzərindəki küçələr istisna olmaqla, digər ara küçələr polis avtomobilləri ilə bağlanıb. Hüquq-mühafizə orqanlarına məxsus helikopter də havada patrul xidməti həyata keçirib. “Sokaklar bizimdir” şüarı səsləndirən nümayişçilər Fransa polisi və Milli Birlik (RN) Partiyası əleyhinə şüarlar səsləndirərək Millət meydanına doğru yürüş ediblər. Etirazçılar Fransa və Fələstin bayraqları ilə yanaşı, “Zibillərimiz uşaqlarımızdan daha yaxşı qorunur”, “Səfilləri oxumaq istəyirik, yaşamaq yox” və “Makron səfalətin Motsartıdır” yazılmış plakatlar daşıyıblar. Bəzi iştirakçılar Betmen, Supermen, Mario və Kapitan Amerika geyimlərində aksiyaya qatılıblar. Nümayişlərdə yaşayış xərclərinin artması, hökumətin sosial-iqtisadi və təhsil siyasəti də etirazla qarşılanıb. Aksiya marşrutu boyunca bir sıra mağaza və bank filiallarının vitrinləri taxta lövhələrlə örtülüb. Fransa Respublikasını təmsil edən və “Marianne” adlandırılan qadın fiqurunun nəhəng maketi də nümayişdə yer alıb. Maketdə fiqurun gözlərindən qırmızı rəngli yaşların axması təsvir edilib. Yürüşün son nöqtəsi olan Millət meydanında polis və nümayişçilər arasında gərginlik artıb. Polisin aksiya iştirakçılarından birini saxlayaraq aparmasına etiraz edən nümayişçilər hüquq-mühafizə əməkdaşlarına su butulkaları və müxtəlif əşyalar atıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və iştirakçılara dəyənəklərlə müdaxilə edib. Fransa mətbuatının məlumatına görə, qadağaya baxmayaraq, bir qrup nümayişçi Parisdə Milli Assambleyanın qarşısındakı Konkord meydanında da toplaşıb. Polis ərazidə iştirakçıların ətrafında mühasirə yaradıb. Nümayişçilər isə buna etiraz olaraq yerə oturublar. “Sarı jiletlilər” hərəkatının koordinasiya üzvü Benjamin Ball və təşkilatın sözçüsü Azelma Sigaux barəsində də tədbir görülüb. Həmin meydandakı aksiya iştirakçıları polis tərəfindən yoxlanılıb və qadağan olunmuş nümayişdə iştirak etdikləri əsas gətirilərək 135 avro cərimələniblər. Lion şəhərində aksiya qadağasına baxmayaraq küçələrə çıxan yüzlərlə insanı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Bəzi nümayişçilərin polisə fişəng atdığı şəhərdə 10 nəfər saxlanılıb. Nant şəhərində də qadağaya baxmayaraq etirazçılar küçələrə çıxıblar. Gərginliyin artdığı aksiyada polis su şırnaqlarından istifadə edib. Ölkənin şimalındakı Lill şəhərində keçirilən nümayiş zamanı isə polis gözyaşardıcı qaz tətbiq edib. Aksiya zamanı zibil qabları da daxil olmaqla müxtəlif əşyalar yandırılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalarda 146 min nəfər iştirak edib, 360 nəfər saxlanılıb. Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 250 min nəfər olduğunu açıqlayıb. Bundan başqa, “Sarı jiletlilər” hərəkatının tanınmış nümayəndələri Benjamin Ball və Azelma Sigaux Parisdə saxlanılıblar. Onların vəkili David Libeskind bildirib ki, müvəkkilləri qadağan olunmuş nümayiş təşkil etməkdə ittiham olunurlar. Bununla belə, vəkil onların aksiya keçirilən ərazidə olarkən saxlanılmadıqlarını qeyd edib. Libeskind müvəkkillərinin vətəndaş itaətsizliyinə çağırışlarının mediada geniş işıqlandırıldığını və onların saxlanılacaqlarını əvvəlcədən gözlədiklərini bildirib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər