Biz tarixdən nə istəyirik?
Bu günlərdə iki, çox hörmətli ziyalımızın Şah İsmayıl Səfəvi haqqında cəlbedici debatı haqqında bir anlaşılmazlığı qeyd etməklə mövzunu davam etdirmək qərarına gəldim.
Debatda bir tərəf deyirdi ki, Səfəvilər dövründə rəsmi dil Azərbaycan (Türk) dili idi. Əlsində düz deyirdi. Dövrün yazışmalarında, ədəbi yaradıcılıqda və mənbələrdə də bu təsdiq olunur. Digər tərəf də deyir ki, Səfəvilər dövründə rəsmi dil Azərbaycan (Türk) dili deyildi. Əslində o da düz deyirdi. Çünki, çıxışdan məlum olurdu ki, çox hörmətli millət vəkili hesab edir ki, rəsmi dil olması haqqında heç bir dövlət fərmanı, şah sərəncamı yoxdur və bu səbəbdən də Azərbaycan dilinin rəsmi dövlət dili olmasını iddia etmək olmaz. Lakin qarşı tərəf də demirdi ki, belədirsə heç fars dilinin də rəsmi dövlət və ya saray dili olması haqqında heç bir rəsmi sənəd yoxdur.
Səfəvilərlə Osmanlılar arasında rəsmi yazışmalarda məktubların bəziləri Azərbaycan dilindədir, bəziləri də fars dilindədir. Bu yazışmalar bir neçə il əvvəl iki ciliddə çap olunub. Lakin heç kim soruşmur ki, yaxşı, fars dilini sufi dərgahlarında, mədrəsələrdə tədris edirdilər, dərviş məclislərində "Şahnamə"dən parçalar oxuyurdular, nagıllar söyləyirdilər. Hətta "Şahnamə"dəki zərdüştilik elementlərini də irfan adı ilə örtbasdır edirdilər. Mədrəsələrdə "Şahnamə" tədris edənlər demirdilər ki, Firdovsini atəşpərəstlik təəssübünə görə müsəlman qəbiristanlığında basdırmağa belə qoumayıblar. Mədrəsələrdə "Divani lügıti-türk", "Qutadqu bilik", Dədə Qorqud tədrias olunmurdu. Bir sözlə fars dilinin institutlaşmış mərkəzi var idi. Odur ki, vahid ədəbi fars dili əsaslı məktublaşma anlaşılan idi.
Bəs Türk dilinin nəyi var idi? Çox böyük coğrafiyaya yayılmış xalqın dili tədris olunmurdu, əlbəttə düşünmək olar ki, vahid tədris metodikası müəyyənləşdirmək mümükün deyildi. Türk tayfalarının özəllikləri, məişəti, yaşadığı areal heç şübhəsiz xalqın dilinə də sirayət etmişdi və bütün ləhçələri anlamaq mümkün deyildi. Etiraf edək ki, heç bu gün də qarşılıqlı anlaşma üçün bir işlər görməmişik. Deməli o, az sayda olan Azərbaycan dilində yazışmalar ümumxalq dilində və ərəb əlifbasında böyük millətin gücünün ifadəsi idi. Məncə bu çox əhəmiyyətlidir.
Baş verən və çox maraqlı debata tarixi rekanstruksiya cəhdi olaraq bir tərəfə qoyub tarixdə nəyi axtarırıq sualına cavab verməyə çalışaq. Tarixçinin əsas vəzifəsi keçmişi mühakimə etmək deyil, keçmişin necə və niyə formalaşdığını mümkün qədər əsaslandırılmış şəkildə üzə çıxarmaqdır.
Burada çox mühüm məntiqi fərq var: Tarixi müzakitələrdə qiymətləndirmə ≠ izah ≠ rekonstruksiya. Bu çox qarşılaşdığımız bir mənzərədir. Tarixçi "bu hadisə yaxşı idi və ya pis idi" sualından əvvəl belə bir sual verməlidir: Nə baş verdi? Hansı şəraitdə baş verdi? Kimlər iştirak edirdi? Onların hansı informasiya və bilik imkanları var idi? Hansı məqsədləri güdürdülər? Hansı alternativlər mövcud idi? Qərarlara hansı sosial, iqtisadi, siyasi və mədəni amillər təsir göstərirdi? Hadisənin sonrakı nəticələri nə oldu?
Tarixçi keçmişi özünün bugünkü dəyərləri ilə mühakimə etməkdən əvvəl onun daxili məntiqini bərpa etməyə çalışır. Bu fikir informasiya fəaliyyəti konsepsiyası baxımından xüsusilə əhəmiyyətlidir, çünki, tarixdə informasiya fəaliyyəti texnologiyaların tarixini deyil, informasiya fəaliyyətinin dəyişmə məntiqinin araşdırılmasıdır. Məsələn, yazının meydana gəlməsini sadəcə "böyük texnoloji nailiyyət" kimi qiymətləndirmək kifayət deyil. Tarixçi soruşmalıdır ki, cəmiyyət hansı yeni informasiya tələbatı ilə qarşılaşdı ki, şifahi yaddaş artıq kifayət etmədi və yazılı informasiya forması meydana çıxdı? Sonra: Yazı, sənəd, arxiv, kitab, kitabxana, kataloq, çap, kütləvi informasiya, rəqəmsal informasiya, AI (Süni intellekt) ardıcıllığını yalnız texnologiyaların dəyişməsi kimi deyil, informasiya fəaliyyətinin mürəkkəbləşməsi kimi görmək lazımdır. Bu baxımdan tarixçi keçmişi "qiymətləndirən" yox, tarixi informasiya mənzərəsini rekonstruksiya edən tədqiqatçı olur.
Əlbətdə ki, tarixçinin analitik və etik qiymətləndirməsi mümkündür və bəzən zəruridir. Lakin qiymətləndirmə tədqiqatın başlanğıc nöqtəsi deyil, əsaslandırılmış nəticəsi olmalıdır. Məsələn: "Bu rejim informasiya azadlığını məhdudlaşdırırdı." Bu, sadəcə siyasi qiymətləndirmə kimi verilirsə, bu zaman zəif bir mövqe ifadə edir. Amma tarixçi əvvəlcə senzura mexanizmlərini, informasiya institutlarını, nəşr siyasətini, arxiv məhdudiyyətlərini, media üzərində nəzarəti və alternativ informasiya kanallarını araşdırırsa və bundan sonra belə nəticəyə gəlirsə, artıq bu elmi qiymətləndirmədir.
Ona görə də tarixi tədqiqatın əsas məqsədi keçmişi mühakimə etmək deyil, mövcud mənbələr əsasında onun strukturunu, səbəb-nəticə əlaqələrini, fəaliyyət mexanizmlərini və inkişaf məntiqini üzə çıxarmaq, qiymətləndirmə isə tarixin rekonstruksiyasından irəli gələn əsaslandırılmış elmi nəticə olmalıdır.
Dünyanın nüfuzlu tarix məktəbləri də hesab edir ki, tarixçinin əsas vəzifəsi qiymətləndirmək yox, tarixi mənzərəni üzə çıxarmaqdır. Burada məqsəd keçmiş haqqında hökm çıxarmaq deyil, onun necə formalaşdığını göstərməkdir.
Məsələn, informasiya fəaliyyətinin tarixini araşdırırıqsa, belə bir əsas sual müəyyənləşdirək: "Çap maşını yaxşı idi, yoxsa pis idi?" deyil, "Çap texnologiyasının meydana gəlməsi informasiya fəaliyyətinin strukturunu necə dəyişdirdi?" sualı ilə irəli gedək. Eyni şəkildə bunların hamısı tarixi mənzərəni üzə çıxarmaq üçündür. Burada daha mühüm bir fərq var. Tarixçinin nəticəsi: "Bu hadisə yaxşıdır və ya pisdir" olmaq məcburiyyətində də deyil. Nəticə belə ola bilər: "Bu hadisə informasiya fəaliyyətinin əvvəlki strukturunu dəyişərək yeni informasiya münasibətlərinin yaranmasına səbəb oldu." Bu artıq qiymətləndirmə deyil, elmi nəticədir.
Tədqiqatçı tarixdən nəticə çıxarıb keçmişi mühakimə etmək deyil, tarixi prosesdə informasiya fəaliyyətinin necə mürəkkəbləşdiyini aşkar etməlidir. Prosesin əsas tezisi burada ortaya çıxır: “Tarix - tarixi mənzərənin rekonstruksiyası, inkişaf qanunauyğunluqlarının aşkar edilməsi, informasiya fəaliyyətinin ümumi nəzəriyyəsi”. Yəni tarix burada keçmiş haqqında hökm vermək üçün deyil, nəzəriyyənin empirik əsasını yaratmaq üçün lazımdır.
Əlbəttə ki, məqsədimiz tədqiqatçılara nəzəriyyə irəli sürmək deyil. Sadəcə anlamaq olmur ki, 500 il öncə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlərin patriotizmi, milli kimliyi, hətta bəzi hallarda onların milli düşmənçiliyi haqqında danışanlar nəyə əsaslanırlar. Heç şübhəsiz ki, bir çox hallarda bunlar populist iddialardır, lakin bu çıxışlar cəmiyyətdə güclü iz buraxır.
Məsələ tarixçinin qiymətləndirmə aparıb-aparmamasında deyil, tarixçinin keçmişdə yaşamış insanlara müasir siyasi və milli kateqoriyaları tətbiq etməsinin məqsədindən gedir. Burada çox ciddi metodoloji problem var.
Beş yüz il əvvəl yaşamış şəxsə "milli kimlik" vermək bu anlayışın konkret şərhini tələb edir. Məsələn, XVI əsrdə yaşamış bir şəxs haqqında: "O, Azərbaycan millətçisi idi", "O, türk milli kimliyini müdafiə edirdi", "O, vətənpərvər idi", "O, başqa xalqlara qarşı milli düşmənçilik aparırdı" demək üçün əvvəlcə "millət", "milli kimlik", "vətənpərvərlik", "millətçilik" anlayışlarının həmin dövrdə mövcud olub-olmadığını və onların ifadə formaları haqqında təsəvvür yaradtmaq, onu müəyyənləşdirmək lazımdır. Çünki müasir milli dövlət, millət və milli kimlik anlayışlarını avtomatik olaraq orta əsr insanının şüuruna köçürmək anakronizm yarada bilər. Orta əsr insanının özünü identifikasiya sistemi tamam fərqli idi: din, şəhər (məkan), sülalə, tayfa (nəsil), dil, peşə, hökmdara sədaqət, mədəni mənsubiyyət və bunların hansı kombinasiyasının həmin şəxs üçün əsas olduğunu mənbələrdən müəyyən etmək lazımdır.
Bəs niyə tarixçilər tarixi şəxsiyyətləri qiymətləndirməyə çox təmayüllüdürlər? Burada bir neçə fərqli motivasiyanı biri-birindən ayırmaq lazımdır. Birincisi, müasir milli kimliyə tarixi legitimlik vermək istəyindən irəli gəlir. Əgər bugünkü cəmiyyət öz milli kimliyinin çox qədim olduğunu göstərmək istəyirsə, keçmişin tanınmış şəxsiyyətləri həmin kimliyin "sübutu" kimi təqdim olunur, başqa sözlə “vitrin” yaradırlar. Beləliklə: “müasir millət-qədim şəxsiyyət=deməli, bu millət həmişə mövcud olub" düşüncəsi təbliğ edilir. Bu, elmi tarixdən daha çox milli yaddaşın konstruksiyasıdır. Heç şübhəsiz ki, Azərbaycan üçün belə rekonstruksiyaya ehtiyac yoxdur.
İkinci səbəb kollektiv identiklik yaratmaq istəyidir. Bu məqsədlə cəmiyyətə "sizin böyük keçmişiniz var" mesajı verilir. Bu, siyasi və sosial baxımdan çox güclü mexanizmdir. İctimai xadimlər, milli və siyasi fəallar bu işlə məşğul ola bilərlər, lakin bu tarixi tədqiqatların obyekti deyil.
Üçüncü səbəb tarixi hadisələri sadələşdirmək istəyi də ola bilir. Real tarixi şəxsiyyət çox mürəkkəbdir. Onun dini, siyasi, intellektual, regional və mədəni mövqeləri bir-birinə zidd ola bilər. Lakin, "O, bizim milli qəhrəmanımız idi" fikri çox sadə və emosional formuldur.
Dördüncü səbəb populizmdir və bir çox halda məhz belə də olur. Belə iddiaların elmi sübutu zəif olsa da, emosional informativliyi çox yüksəkdir. Ən maraqlı məsələ isə odur ki, belə iddialar niyə cəmiyyətdə güclü iz buraxır? Çünki tarix burada artıq sadəcə keçmiş haqqında informasiya deyil, kollektiv informasiya yaddaşının formalaşdırılması mexanizminə çevrilir. Belə bir informasiya dövriyəsi yaranır - tarixi hadisə, tarixçinin interpretasiyası, dərslik (media), kollektiv yaddaş, milli identiklik, yeni tarixi interpretasiya. Bu, informasiya fəaliyyəti nəzəriyyəsi baxımından çox maraqlı mənzərədir. Çünki tarixçi yalnız keçmişi təsvir etmir, onun yazdığı mətn sonradan təhsil sisteminə, mediaya, siyasi diskursa, muzeylərə, kitabxanalara, sosial şəbəkələrə, ictimai yaddaşa daxil olur. Beləliklə, tarixi interpretasiya informasiya fəaliyyətinin bir hissəsinə çevrilir.
Əsas problem ortaya gələcək "yanlış tarix"dən də dərindir. Problem yalnız tarixçinin səhv etməsi deyil. Əsas problem budur ki, müasir cəmiyyət öz ehtiyaclarını keçmişə proyeksiya edir. Məsələn, bugünkü cəmiyyət üçün: "milli kimlik" çox vacib anlayışdır. Sonra bu anlayış keçmişə aparılır və keçmişdə ona uyğun fiqur axtarılır. Bu zaman tarix "keçmişdə nə baş vermişdi?" sualı əvəzinə "biz keçmişdə kim idik?" sualına keçir. İkinci sual artıq tarixdən daha çox kollektiv identiklik quruculuğunun sifarişidir. Başqa sözlə desək “tarixçi tarix axtarmır, istədiyini axtarır”.
"Milli düşmənçilik" məsələsi daha da təhlükəlidir. Burada xüsusilə ehtiyatlı olmaq lazımdır. Bir orta əsr müəllifinin başqa bir hökmdarı, dini qrupu, şəhəri, tayfanı və ya siyasi qüvvəni kəskin tənqid etməsi avtomatik olaraq onun: "milli düşmənçiliyi" olduğunu göstərmir. Çünki münaqişənin motivi din, hakimiyyət, sülalə, iqtisadi maraq, ərazi, məzhəb, siyasi rəqabət ola bilər. Bunu XXI əsrin "millətlərarası düşmənçilik" kateqoriyasına çevirmək ciddi metodoloji problem yaradır. Bu metodlardan erməni tarixçiliyində geniş istifadə olunur.
Burada “Tarixçinin tədqiqatı tarixi mənzərəni üzə çıxarmaq məqsədi daşımalıdır" fikrinə qayıdaq. Tarixçi keçmişi bugünkü cəmiyyətin ehtiyaclarına uyğunlaşdırmaq üçün deyil, keçmişin öz informasiya, sosial və düşüncə kontekstini üzə çıxarmaq üçün araşdırmalıdır. Tarixçinin yaratdığı informasiya modeli yalnız keçmiş haqqında bilik vermir, o, sonrakı nəsillərin keçmişi necə qəbul edəcəyini də formalaşdırır. Deməli, tarixi informasiya da informasiya fəaliyyətinin feedback (qarşı əlaqə) sisteminə daxil olur. Bu zaman belə bir informasiya zənciri qarşıya çıxır. “Tarixçi, tarix mətni, təhsil (media), kollektiv yaddaş, ictimai şüur, yeni tarixi tələbat, yeni tarix sifarişi”. Bu artıq "informasiya fəaliyyəti, media, metrika, feedback, optimallaşdırma, informasiya mədəniyyəti" modelinə tam uyğun gəlir.
Burada maraqlı bir elmi istiqamət görürük. "Tarixi informasiyanın kollektiv yaddaşın formalaşmasında rolu" problemi. Bu, sırf tarixşünaslıq problemi deyil, eyni zamanda informasiya fəaliyyəti və informasiya mədəniyyəti problemidir. Burada əsas məsələ odur ki, tarixi informasiya sadəcə keçmiş haqqında bilik vermir, cəmiyyətin keçmişi necə xatırlayacağı da formalaşdırılır. Buna görə də “tarixi informasiya” ilə “kollektiv yaddaşı” eyniləşdirmək olmaz.
Tarixi informasiya ilə kollektiv yaddaş arasında olan fərqə nəzər salaq. Tarixi informasiya keçmişdə baş vermiş hadisələr, şəxslər, institutlar və proseslər haqqında sənədləşdirilmiş, araşdırılmış və interpretasiya edilmiş məlumatlardır. Kollektiv yaddaş isə cəmiyyətin həmin keçmişi necə seçdiyi, mənalandırdığı, xatırladığı və gələcək nəsillərə ötürdüyüdür, yani “vitrindir”. Bunun sadə modeli belədir: “Keçmiş hadisə, tarixi mənbə, tarixi tədqiqat, interpretasiya, ictimai informasiya, kollektiv yaddaş, sosial identiklik”. Burada ən mühüm məqam interpretasiyadır. Çünki cəmiyyət keçmişin bütün hadisələrini eyni dərəcədə xatırlamır, müəyyən hadisələr seçilir, digərləri unudulur və ya ikinci plana keçir.
Tarixçinin kollektiv yaddaşdakı rolu əhəmiyyətlidir. Onun əsas vəzifəsi 500 il əvvəl yaşamış şəxsiyyətlərə müasir siyasi və milli kateqoriyaları mexaniki şəkildə tətbiq etmək deyil.. Tarixçi ilk növbədə tarixi mənzərəni rekonstruksiya etməlidir, həmin şəxs hansı siyasi sistemdə yaşayırdı? onun dövründə “millət” anlayışı mövcud idimi? hansı siyasi və dini identikliklər vardı? onun davranışını hansı sosial münasibətlər müəyyən edirdi? mənbələr onun haqqında nə deyir? sonrakı dövrlərdə həmin şəxsi necə yenidən interpretasiya ediblər?
Bundan sonra tarixçinin verdiyi elmi interpretasiya kollektiv yaddaşa daxil olur. Burada çox mühüm fərq yaranır: “tarixin rekonstruksiyası, elmi nəticə, ictimai yaddaş”. Amma populist tarixşünaslıqda proses fərqli işləyir: “müasir ideoloji ehtiyac, keçmişdən seçilmiş hadisə, emosional interpretasiya, kütləvi informasiya, kollektiv yaddaş”. Bu mexanizm xüsusilə təhlükəlidir, çünki keçmişi öyrənmək əvəzinə keçmiş müasir ideoloji məqsədlər üçün yenidən quraşdırılır.
Kollektiv yaddaş çox güclü sosial mexanizmdir. Çünki insan fərdi olaraq bütün tarixi xatırlaya bilməz. Cəmiyyət də bütün keçmişi yadda saxlaya bilməz. Ona görə kollektiv yaddaş bir növ sosial informasiya seçmə mexanizmi kimi fəaliyyət göstərir. Məsələn, beş yüz il ərzində yüz minlərlə hadisə baş verə bilər. Lakin müasir cəmiyyət onlardan yalnız müəyyən hissəsini xatırlayır: “milyonlarla hadisə, minlərlə mənbə, yüzlərlə mühüm hadisə və bir neçə kollektiv yaddaş simvolu”. Bu seçim təsadüfi deyil və göründüyü kimi sadə də deyil. Burada məktəb dərslikləri, tarixşünaslıq, kitabxanalar, muzeylər, abidələr, dövlət siyasəti, media, kino, sosial şəbəkələr və ailə yaddaşı iştirak edir. Beləliklə, kollektiv yaddaşın formalaşmasında informasiya infrastrukturu mühüm rol oynayır.
Media burada sistem dəyişdirici rol oynaya bilir. Əvvəllər tarixi informasiya əsasən, “kitab, məktəb, kitabxana, alim, oxucu” kanalları ilə yayılırdı. Müasir dövrdə isə “tarixi mənbə, tarixçi, media, sosial şəbəkə, alqoritm, istifadəçi, paylaşım, yeni interpretasiya imkanları ilə yayılır” və daha mürəkkəb informasiya dövriyəsi yaranır. Bu zaman tarixi faktın özü ilə onun cəmiyyətdəki informasiya modeli arasında böyük fərq yarana bilər. Məsələn, 30 səhifəlik ciddi elmi araşdırmanın nəticəsi sosial mediada bir cümləyə çevrilə bilər: “(O) şəxs bizim milli qəhrəmanımız idi.” və ya: “(O) şəxs bizim milli düşmənimiz idi.” Bu iki cümlənin arxasında çox mürəkkəb tarixi reallıq ola bilər. Lakin media həmin mürəkkəbliyi sadələşdirilmiş informasiya modelinə çevirir - “tarixi reallıq, informasiya, interpretasiya, informasiya xidməti, media, auditoriya, feedback, kollektiv yaddaş”.
Bu proseslərdə qarşı əlaqənin (Feedback) rolu əhəmiyyətlidir. “İnformasiya fəaliyyəti, informasiya xidməti, media, informasiya metrikası, feedback, optimallaşdırma, informasiya mədəniyyəti” modelində qarşı əlaqə xüsusi əhəmiyyət qazanır. Media hansı tarixi mövzuların daha çox oxunduğunu, paylaşıldığını, müzakirə edildiyini, emosional reaksiya yaratdığını ölçür. Sonra media həmin nəticələrə uyğun yeni materiallar istehsal edir. Beləliklə: “auditoriyanın reaksiyası, media strategiyası, yeni tarixi məzmun, daha güclü reaksiya” dairəsi yaranır. Əgər ən çox reaksiya yaradan məzmun milli qarşıdurma, qəhrəmanlaşdırma və düşmən obrazlarıdırsa, informasiya sistemi onları daha çox istehsal etməyə başlayır. Bu artıq sadəcə tarixşünaslıq problemi deyil. Bu, informasiya fəaliyyətinin idarə olunması problemidir.
Burada “informasiya mədəniyyəti” anlayışına bir daha müraciət etməli oluruq. İnformasiya mədəniyyəti yalnız insanın informasiyanı tapmaq bacarığı deyil. O, həm də insanın mənbə ilə interpretasiyanı ayırması, faktla fikri fərqləndirməsi, tarixi hadisəni müasir siyasi kateqoriyalarla qarışdırmaması, emosional informasiya ilə elmi informasiya arasındakı fərqi görməsi, mənbənin etibarlılığını qiymətləndirməsi, tarixi manipulyasiyanı tanıması qabiliyyətidir. Bu baxımdan kollektiv yaddaşın keyfiyyəti cəmiyyətin informasiya mədəniyyətinin göstəricilərindən birinə çevrilir.
Daha dərin nəzəri model də qurmaq olar. «Tarixi reallıq, Tarixi mənbələr, Tarixi rekonstruksiya, Elmi interpretasiya, İnformasiya modeli, Media və informasiya xidməti, Kollektiv qəbul, Kollektiv yaddaş, Sosial identiklik və davranış, Yeni informasiya tələbatı». Sonuncu mərhələ çox vacibdir. Çünki kollektiv yaddaş formalaşdıqdan sonra özü yeni informasiya tələbatı yaradır. Məsələn, cəmiyyət müəyyən tarixi şəxsiyyəti “milli qəhrəman” kimi yadda saxlayırsa, onun haqqında yeni kitablar, filmlər, məqalələr, yubileylər, muzey ekspozisiyaları və media materialları yaranır. Beləliklə, yaddaş özü yeni informasiya istehsalının sifarişçisinə çevrilir. Bu artıq sadə “tarix-yaddaş” münasibəti deyil, özünü gücləndirən informasiya dövriyəsidir.
Burada çox maraqlı bir nəzəri tezis meydana çıxır: Kollektiv yaddaş keçmişin sadəcə qorunması deyil, tarixi informasiyanın cəmiyyət tərəfindən seçilməsi, interpretasiyası, yayılması və sosial mənaya çevrilməsi prosesidir. Bu baxımdan tarixçi kollektiv yaddaşın yaradıcısı deyil, onun ilkin elmi informasiya bazasının formalaşdıranlardan biridir. Sonrakı mərhələlərdə media, təhsil, dövlət, kitabxanalar, muzeylər, ailə və rəqəmsal platformalar həmin informasiyanı müxtəlif formalarda yenidən istehsal edirlər.
16:43 12.08.2026
Oxunuş sayı: 115