Bakı o dövrün Çanaqqalası idi
Bakı o dövrün Çanaqqalası idi.
Bunu biz Bakı azad olandan sonra öldürülən və əsir düşən millətlərdən görə bilərik. Bakı işğaldan azad olunan günü qoçular və Qafqaz İslam ordusu tərəfindən azərbaycanlılara qarşı vuruşan 17 erməni yüksək rütbəli zabit, 9 rus yüksək rütbəli zabiti, 10 gürcü zabiti, 1151 erməni əsgər, 383 rus əsgər, 4 ingilis əsgər və 113 nəfər müxtəlif millətdən olan əsgərlər əsir götürülüb. Qafqaz İslam Ordusuna qarşı döyüşdə iştirak edib əsir düşən 100-dən çox İrandan ermənilərə dəstək üçün gələn zabit və əsgər heyəti var idi..
Biz Nuru paşa başda olmaqla Qafqaz İslam ordusunun dəstəyini əsla unutmayacıq. Məhz onların da gəlməsi Bakını Azərbaycan şəhəri olmasına böyük dəstək oldu. Lakin bu mövzuda yazanlar elə bir atmosfer yaradırlar ki, sanki Azərbaycan xalqı və xüsusilə də işğal altında olan Bakılılar heç bir şey etməyiblər və şəhər ancaq ordunun sayəsində azad olub..
Xeyir əzizlərim elə olmayıb. Onsuz da Bakıda və Azərbaycanın digər bölgələrində Leninin planına qarşı döyüşlər gedirdi. Ermənilər və ruslara qarşı hər cürə mübarizə aparılırdı. Bakıda sayılan pullu kişilər və döyüş təcrübəsi olan qoçu adlandırılan hörmətli kişilərlə yanaşı əhali var gücü şəhərin azad olunması üçün savaş aparırdı.
Təkcə bir faktı yazacam: Bakı qəsəbələrinin sakinləri əsgərlərə çörək və ərzaq apararkən, tabaqların altına və çörəklərin içinə gizli şəkildə qızıl pullar və qiymətli əşyalar qoyurdular ki, Qafqaz İslam Ordusunun ehtiyacları qarşılansın.
Bakı ağsaqqallarını çağırışı ilə silahlı gənclər toplanaraq könüllü dəstələr qurmuşdular. Bu dəstələr həm cəbhədə türklərlə çiyin-çiyinə vuruşur, həm də şəhər daxilində rus erməni və gürcülərin dinc müsəlman əhaliyə qarşı törədə biləcəyi yeni qırğınların qarşısını alırdılar.
Onlar kiçik qruplara bölünərək gecələr ingilis və erməni səngərlərinə qəfil partizan basqınları təşkil edir, düşmənə elə zərbələr vururdular ki, onlar geri çəkilməyə məcbur olurdular.
Döyüşlərdə yaralanan türk əsgərləri üçün yerli sakinlər öz evlərinin qapılarını açmışdılar. Bakılı qadınlar könüllü tibb bacısı kimi yaralıları müalicə edir, onlara qulluq edirdilər.
Döyüşlərdə. Azərbaycanın ilk nizami hərbi birliyi olan Əlahiddə Azərbaycan Korpusu
da iştirak edirdi. Savaş naziri müavini, dahi artilleriya generalı Əliağa Şıxlinski və polkovnik Həbib bəy Səlimovun rəhbərliyi altındakı azərbaycanlı əsgərlər və zabitlər türk ordusunun tərkibində strateji hücum əməliyyatlarını idarə edirdilər. Yerli topçular Qurd qapısı yüksəkliyindən düşmən mövqelərini darmadağın edirdilər.
Bu gün çoxları yazır ki, Mürsəl Paşa şəhəri top atəşinə tutanda tarixi binaları qoruyub. Xeyir əzizlərim bu topları idarə edən Əliağa Şıxlinski idi və onun əmri ilə şəhərdə yüzlərlə tarixi bina və dini abidələr sağ çıxmışdı o günlərdə.
Həbib bəy Səlimovun başçılığıı ilə zirehli qatarda olan Azərbaycan əsgərləri Biləcəri və Xırdalan istiqamətində düşmən xətlərini atəşə tutur, piyada qoşunların irəliləməsinə şərait yaradırdı. Məhz bunun sayəsində düşmənlərin dəmir yolu vasitəsilə qaçmasının və ya əlavə qüvvə gətirməsinin qarşısını tamamilə kəsdi.
Məhz bu əsgərlər və Həbib bəyin sayəsində sentyabrdan 15-nə keçən gecə Bakıya edilən son böyük hücumda Qurd qapısı tərəfdən müdafiə xəttini yararaq şəhərin içərilərinə doğru irəlilədilər və Bakının azadlığı bu hücumdan sonra reallaşdı.
Bakının azad edilməsindən sonra bu korpusun əsasında rəsmi Azərbaycan Milli Ordusu formalaşdırıldı və bu gün Azərbaycan Suveren bir respublikadırsa məhz onların bizə miras qoyduğu Ordu sayəsindədir. Babalarının yolunu Azərbaycan əsgərləri və zabitləri uğurla davam etdirir.
Əlbətdə Qafqaz İslam ordusu böyük xidmət göstərib, ancaq bizim Əlahiddə Azərbaycan Korpusunun, Azərbaycan xalqının, qoçuların, yerli sakinlərin, hörmətli kişilərin və o dövrdə evində olan son ərzağı paylaşan, tibb bacısı kimi evində yardımlar edən xanımların da zəhmətini yerə vurmaq olmaz. Bakı azadıırsa, Azərbaycan müstəqildirsə məhz bu insanların sayəsində olub.
Prof.Dr. Zaur Aliyev
23:30 15.09.2026
Oxunuş sayı: 43