Papa XIV Leo gənclərə çağırış etdi
Papa XIV Leo Parisdə açıq havada keçirilən messada gənclərin Katolik Kilsəsinə gətirdiyi enerji, həvəs və bağlılığı yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Təxminən 700 min insan Papa tərəfindən Parisin Konkord meydanında keçirilən messaya qatılıb. Bu, XIV Leonun Fransaya dördgünlük səfərinin ikinci günündə baş tutub.
Messa Papa açıq avtomobillə Yelisey meydanı prospektindən keçərək izdihamı salamladıqdan sonra başlayıb. O, yol boyunca insanlara əl yelləyib.
Tədbirdə Fransanın bir sıra yüksək vəzifəli şəxsləri də iştirak edib. XIV Leo cümə günü Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Papa messa zamanı katolikləri inanclarını yalnız öz daxilində saxlamamağa çağırıb. O bildirib ki, iman insanlarla paylaşılmalı və ətrafdakılara müsbət təsir göstərməlidir.
XIV Leo çıxışında gənclərə də müraciət edərək onları “bugünkü Kilsə” adlandırıb. O, gənclərin xristian icmalarına gətirdiyi həvəs, enerji, bağlılıq və sevincin gözəl olduğunu bildirib.
Papa cümə günü Prezident Emmanuel Makron tərəfindən qarşılandıqdan sonra Parisin şimalındakı “Stade de France” stadionunda 80 min gənclə görüşüb.
Makron şənbə günü keçirilən tədbirdə iştirak etməyib və XIV Leonun Fransaya səfəri çərçivəsində keçirəcəyi digər messalara da qatılmayacaq. Bu qərarın əsas səbəbi Fransada kilsə ilə dövlət arasında ciddi ayrılıq prinsipinin pozulması görüntüsünün yaranmaması ilə bağlıdır.
Şənbə günü keçirilən messada isə Makronun həyat yoldaşı Bricit Makron və Baş nazir Sebastyan Lekornu iştirak edib.
21:27 26.09.2026
Oxunuş sayı: 43