İtaliyanın Siena şəhərində Zəfər Günü qeyd olunub
Noyabrın 8-də İtaliyanın Siena şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Siena Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Oruc Ələsgərov aparıcı qismində çıxış edib. Çıxış edənlər Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə aparan yol, müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət, eləcə də Zəfərdən sonrakı inkişaf mərhələsi barədə danışıblar.
Tədbirdə çıxış edən Ayan Aşırova Azərbaycanın tarixi, Vətən müharibəsinə qədər keçdiyi yol və Zəfərə aparan tarixi proseslər haqqında məlumat verib.
Anar İbrahimov isə Zəfərdən sonrakı dövrdə Azərbaycanın inkişaf perspektivlərinə, həmçinin Azərbaycan-İtaliya iqtisadi münasibətlərinə toxunub. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın əhəmiyyətindən danışıb.
Əli Məmmədli çıxışında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edib, tarixi Qələbənin əldə olunmasında hərbçilərimizin rolunu vurğulayıb.
Tədbir çərçivəsində, həmçinin Azərbaycanın tarixi, zəngin təbiəti və mədəniyyəti, eləcə də ölkəmizin beynəlxalq əlaqələri barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçılara Azərbaycan milli mətbəxinə aid təamlar təqdim olunub.
19:07 10.11.2026
Oxunuş sayı: 112