Ərdoğan və Paşinyan görüşəcəklər: Müzakirə olunacaq əsas mövzu açıqlanıb
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfəri və bu çərçivədə Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilməsi ehtimal olunan görüş Cənubi Qafqazda sülh və normallaşma gündəliyini yenidən diqqət mərkəzinə gətirib. Regionda yeni siyasi reallıqların formalaşdığı bir vaxtda Ankara-İrəvan təmaslarının intensivləşməsi təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyi baxımından da əhəmiyyət daşıyır.
Bununla belə, münasibətlərin tam normallaşması üçün qarşıda hələ bir sıra mühüm məsələlər qalır. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, konstitusiya dəyişiklikləri və Azərbaycanla sülh gündəliyində konkret addımlar atması prosesin əsas şərtləri kimi qiymətləndirilir. Bəs Paşinyanın Türkiyəyə səfəri normallaşma prosesinə hansı töhfəni verə bilər? Ankara-İrəvan münasibətlərinin gələcəyi Bakı-İrəvan dialoqundan nə dərəcədə asılıdır?
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri COP tədbiri ilə əlaqədardır: “Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir. Şübhəsiz ki, Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. Lakin bu mərhələnin nə dərəcədə davamlı olacağı və sülhün möhkəmlənməsinə nə qədər töhfə verəcəyi Ermənistanın atacağı addımlardan da asılıdır. Hazırda Ermənistan hökumətinin verdiyi bəyanatlar müsbət xarakter daşıyır. Real olaraq Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni səhifənin açılması üçün imkan yaranıb”.

Politoloq qeyd edib ki, bu, Azərbaycanın həyata keçirdiyi sülhpərvər siyasət nəticəsində mümkün olur: “Bununla yanaşı, Cənubi Qafqazda sülhün tərəfdarı olmayan, xarici ölkələrlə əlaqələri mövcud olan qüvvələr Ermənistanda kifayət qədərdir. Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasibətlərin tam şəkildə normallaşmasının tərəfdarı deyillər. Regionun ətrafındakı geosiyasi vəziyyət dəyişərsə, bu, Ermənistandakı daxili siyasi proseslərə də təsir göstərə bilər. Hazırkı mərhələdə gözlənti ondan ibarətdir ki, Türkiyə-Ermənistan normallaşma prosesi iki ölkənin liderlərinin görüşündə müzakirə olunsun. Bununla yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycan-Ermənistan sülh gündəliyi və Ermənistanın bu istiqamətdə ata biləcəyi addımlar olacaq. Şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Azərbaycan-Ermənistan münasibətlərindən və sülh prosesinin nəticələrindən asılıdır. Ermənistanda da bunu yaxşı anlayırlar. Düzdür, Ermənistan dəfələrlə bu məsələlərin ayrı-ayrılıqda həllinə çalışıb. Lakin Azərbaycan buna qarşı deyil, sadəcə olaraq hesab edir ki, problemlərin gələcəkdə yenidən ortaya çıxmaması üçün bütün məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Ermənistan Konstitusiyasını dəyişməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yalnız bundan sonra Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni səhifənin açılması üçün real zəmin formalaşa bilər”.
Ayhan
17:45 10.11.2026
Oxunuş sayı: 85