10 noyabr bəyanatından altı il keçir: Regionda nələr dəyişdi?
Noyabrın 10-u 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanat Cənubi Qafqazda yeni siyasi və hərbi reallıqların formalaşmasının başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra imzalanan sənəd hərbi əməliyyatları dayandırsa da, regionda uzunmüddətli sülhün təmin olunması üçün bütün problemləri həll etmədi. Sonrakı illərdə baş verən proseslər isə Azərbaycanın öz suverenliyini və milli maraqlarını təmin etmək istiqamətində qətiyyətli siyasətini, eləcə də regionda qüvvələr nisbətinin dəyişdiyini nümayiş etdirdi. Altı il ərzində Cənubi Qafqazda siyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın 2023-cü ildə ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, Rusiya sülhməramlı kontingentinin 2024-cü ildə Qarabağdan çıxarılması və 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar regionun gələcək inkişafı üçün yeni perspektivlər yaradıb. Artıq əsas məsələ müharibədən sonrakı reallıqların qəbul edilməsi, tərəflər arasında etimadın formalaşdırılması və davamlı sülhün təmin olunmasıdır.
Bəs 10 noyabr Bəyanatından ötən altı il ərzində regionda hansı geosiyasi dəyişikliklər baş verib? Azərbaycanın müstəqil təhlükəsizlik strategiyası və Vaşinqton razılaşmaları Cənubi Qafqazın gələcək siyasi arxitekturasını necə müəyyənləşdirir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlamasında qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür: “44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanan bu sənəd hərbi əməliyyatları dayandırdı və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Bununla belə, sonrakı hadisələr göstərdi ki, Üçtərəfli Bəyanat regionda davamlı sülhün təmin olunması üçün yetərli olmadı. Sənəddə nəzərdə tutulan bir sıra öhdəliklər tam icra edilmədi, regional kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması istiqamətində ciddi maneələr qalırdı. Əslində, sonrakı proseslər Azərbaycanın regional siyasətində mühüm bir reallığı ortaya qoydu: ölkəmiz öz milli maraqlarını, suverenliyini və təhlükəsizliyini müstəqil şəkildə təmin etmək əzmindədir. 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası, 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılması bu yeni reallığın mühüm göstəriciləri oldu, regional balansı tamamilə dəyişdi. Əsrlərlə mövcud olan mifləri bir anda dağıtdı. Azərbaycan regionda yeganə ölkədir ki, burada hər hansı ikinci ölkənin hərbi birləşmələri və ya bazası yoxdur. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə imzaladığı Birgə Bəyannamə isə sülh prosesində yeni mərhələnin başlanğıcı oldu. Sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in Minsk prosesinin və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmalar diplomatik prosesin konkret nəticələridir. Burada xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli dialoq və danışıqlar prosesi regionun gələcəyinin müəyyənləşdirilməsində əsas siyasi mexanizmlərdən birinə çevrilib. Vaşinqton razılaşmaları da bu yanaşmanın mühüm nəticəsidir”.
Deputat qeyd edib ki, digər tərəfdən, Azərbaycanın müstəqil xarici siyasətinin və təhlükəsizlik strategiyasının mühüm xüsusiyyətlərindən biri ölkə ərazisində hər hansı xarici dövlətin hərbi bazasının yerləşdirilməməsidir: “Azərbaycan öz təhlükəsizliyini milli müdafiə imkanları, müstəqil qərarvermə və strateji tərəfdaşlıqlar əsasında təmin edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün region qarşısında duran əsas vəzifə keçmiş münaqişənin yaratdığı qarşıdurma mühitini geridə qoyaraq davamlı sülh, iqtisadi inteqrasiya və qarşılıqlı əməkdaşlıq məkanına çevrilməkdir. Altı il əvvəl müharibə dayandırıldı. Bu gün isə əsas məsələ sülhün möhkəmləndirilməsi, dövlətlərin suverenliyinə hörmət və yeni regional reallıqların qəbul edilməsidir”.
Ayhan
17:55 10.11.2026
Oxunuş sayı: 211