Rusiya yeni müharibəyə başlayır?
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin Rusiya Prezidenti Vladimir Putinə Ali Lider Müctəba Xameneinin məktubunu çatdırması Tehran-Moskva münasibətlərini yenidən diqqət mərkəzinə gətirib. İranın ABŞ və İsraillə qarşıdurma şəraitində Rusiyaya müraciət etməsi bu təmasın mümkün siyasi və hərbi məqsədləri ilə bağlı suallar doğurur. Xüsusilə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi və mümkün təhlükəsizlik razılaşmaları məsələsi diqqət çəkir.
Bəs bu məktubda hərbi ittifaq və ya əməkdaşlığın yeni mərhələsinə dair təkliflər yer ala bilərmi? Rusiya İranı dəstəkləmək üçün nə dərəcədə irəli getməyə hazırdır? Moskva Tehranla eyni cəbhədə dayanaraq ABŞ və İsrailə qarşı birbaşa hərbi qarşıdurmaya qoşula bilərmi?
Mövzu ilə bağlı fəlsəfə doktoru Məhəmməd Cəbrayılzadə Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır: “İlk növbədə, Möhsün Rzainin Rusiyaya səfəri kontekstində İranın Moskvadan nə istədiyi sualına cavab tapmaq lazımdır. İkinci əsas məsələ isə Rusiyanın İran üçün nə dərəcədə irəli getməyə, hətta onun uğrunda hərbi qarşıdurmaya qoşulmağa hazır olmasıdır. Bu səfərin və müzakirələrin məzmunu hələ açıqlanmadığı üçün konkret olaraq hansı tələblərin irəli sürüldüyünü söyləmək mümkün deyil. Bununla belə, istisna etmirəm ki, müzakirələrdə hərbi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində əlavə razılaşmaların əldə olunması məsələləri də yer alıb. İran hazırda olduqca mürəkkəb vəziyyətlə üzləşib. ABŞ və İsraillə hərbi qarşıdurma ölkənin təhlükəsizlik sistemində ciddi problemlər yaradıb. Tehran da anlayır ki, mövcud şəraitdə yalnız öz hərbi imkanlarına arxalanaraq bu mübarizəni sona çatdırmaq imkanları məhduddur. İranın güclü beynəlxalq tərəfdaşlara ehtiyacı var. Bu baxımdan Rusiya Tehran üçün mühüm dövlətdir. Əvvəla, İran Rusiya ilə Xəzər dənizi vasitəsilə qonşudur. İkincisi, iki ölkə arasında uzun müddətdir ciddi əməkdaşlıq münasibətləri mövcuddur. Xatırlayırsınızsa, bir neçə ay əvvəl Ukrayna tərəfindən Xəzər dənizində İrana məxsus, Rusiyadan gələn gəmi vurulmuşdu. Lakin burada xüsusi qeyd etmək istədiyim bir məqam var: Rusiya ilə İranın yaxınlaşması, hətta strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu onların hərbi müttəfiq olması anlamına gəlmir”.

M.Cəbrayılov qeyd edib ki, 2025-ci ilin yanvarında iki ölkə arasında 20 illik Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb: “Sənəd siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur. Ancaq həmin sazişdə çox vacib bir müddəa yoxdur. Belə ki, tərəflərdən biri hücuma məruz qaldığı təqdirdə digər tərəfin onun müdafiəsi üçün müharibəyə qoşulması ilə bağlı öhdəlik nəzərdə tutulmayıb. Bəlkə də İran tərəfi belə bir təminatın olmasını istəyərdi. Lakin Rusiya bütün riskləri nəzərə alaraq bu cür öhdəlik götürməkdən yayınır. Moskva İranın təhlükəsizliyinə müəyyən dəstək verə bilər, ancaq hüquqi baxımdan onu hərbi yolla müdafiə etmək məcburiyyətində deyil. Düşünürəm ki, bu, təsadüfi deyil. Rusiya belə bir öhdəliyin hansı nəticələrə səbəb ola biləcəyini və bunun doğuracağı riskləri yaxşı anlayır. Moskva bilir ki, İranın həm İsraillə, həm də ABŞ-la ciddi qarşıdurması var. Bu münasibətlərdəki gərginlik isə geosiyasi vəziyyətdən asılı olaraq müxtəlif dövrlərdə artıb və ya azalıb.
Konkret olaraq Rusiyanın İranın tərəfində ABŞ və İsrailə qarşı müharibəyə qoşulması ehtimalına gəldikdə isə, mənim qənaətimcə, hazırkı şəraitdə bu ehtimal olduqca aşağıdır, hətta demək olar ki, mümkünsüzdür. Bunun bir neçə ciddi səbəbi var. Birincisi, Rusiya Ukraynada uzunmüddətli müharibə aparır. Bu müharibə ölkənin hərbi, iqtisadi və siyasi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Rusiyanın diqqəti və resursları əsasən Ukrayna cəbhəsinə yönəlib. Belə bir vəziyyətdə Moskvanın Yaxın Şərqdə ikinci böyük müharibəyə qoşulması onun üçün ciddi risklər yarada bilər. Digər tərəfdən, İranın tərəfində ABŞ-ə qarşı açıq müharibəyə qoşulmaq Rusiya ilə Amerika arasında birbaşa hərbi toqquşma təhlükəsi yaradar. Nəzərə almalıyıq ki, söhbət dünyanın iki böyük nüvə dövlətindən gedir. Moskva belə bir qarşıdurmanın hansı nəticələrə səbəb ola biləcəyini yaxşı anlayır. Digər mühüm məqam Rusiyanın Yaxın Şərqdəki maraqlarının yalnız İranla məhdudlaşmamasıdır. Moskva regionun digər dövlətləri ilə də münasibətlərini və iqtisadi əlaqələrini qorumağa çalışır. İranın tərəfində açıq cəbhə almaq Rusiyanın manevr imkanlarını məhdudlaşdıra və ərəb ölkələri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Rusiya isə regiondakı digər tərəfdaşları ilə münasibətlərini də qorumaqda maraqlıdır. Buna görə də Moskvanın belə bir qarşıdurmaya getməsini inandırıcı hesab etmirəm. Son dövrlərdə mətbuatda Rusiyanın İrana kəşfiyyat məlumatları və peyk görüntüləri ötürməsi ilə bağlı ciddi məlumatlar yayılır. Bu məsələ ilə bağlı mövcud informasiyaları araşdırdıqda da belə iddiaların geniş yayıldığını görmək mümkündür. Həmin məlumatların hamısı müstəqil şəkildə təsdiqlənməsə də, Moskva ilə Tehran arasında hərbi-texnoloji əməkdaşlığın mövcudluğuna dair müxtəlif dövrlərdə informasiyalar ortaya çıxıb. Hazırda isə bu iddialar daha çox gündəmə gəlir”.
Ekspert qeyd edib ki, burada iki fərqli məqamı bir-birindən ayırmaq lazımdır: “Bir məsələ Rusiyanın İranı silah, texnologiya, kəşfiyyat məlumatları və hava hücumundan müdafiə imkanları ilə dəstəkləməsidir. Tamamilə başqa məsələ isə Rusiya ordusunun İran tərəfində ABŞ və İsrail qüvvələrinə qarşı birbaşa döyüş əməliyyatlarında iştirak etməsidir. Birinci istiqamətdə əməkdaşlığın daha da genişlənməsi real görünür. İkinci istiqamət isə böyük siyasi və hərbi risklər yaradır. Burada Moskva üçün kifayət qədər ciddi təhlükələr mövcuddur. Digər tərəfdən, Rusiyanın İranla yaxınlaşmasının öz geosiyasi məntiqi var. Moskva İranın hərbi və siyasi baxımdan tamamilə zəifləməsində maraqlı deyil. Çünki İran Rusiyanın Yaxın Şərqdə və daha geniş regionda Qərbin təsirini məhdudlaşdırmaq baxımından mühüm tərəfdaşlarından biridir. Bu baxımdan, İranın tamamilə zəif vəziyyətə düşməməsi və ən azı ABŞ və İsrailə qarşı müqavimət göstərə bilməsi Rusiyanın geosiyasi maraqlarına uyğundur. Moskva bununla bir neçə məqsəd güdür. İlk növbədə, İranın müqavimət imkanlarını qoruması ABŞ və İsrail ilə Tehran arasındakı qarşıdurmanın uzanmasına səbəb ola bilər. Bu isə müəyyən mənada Rusiyanın maraqlarına xidmət edir. Çünki diqqət və resursların Yaxın Şərqə yönəlməsi Ukrayna müharibəsinin beynəlxalq gündəmdəki yerini dəyişə, Rusiyanın Ukrayna cəbhəsindəki fəaliyyətinə daha az diqqət ayrılmasına gətirib çıxara bilər. Belə bir vəziyyət Moskva üçün əlverişli geosiyasi mənzərə yaradır. Bu mənada düşünürəm ki, Rusiya İranın müəyyən dərəcədə güclənməsində maraqlıdır. İran rəhbərliyinin göndərdiyi məktubun əhəmiyyətinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Yaxın Şərqdə gərginliyin artması, xüsusilə Hörmüz boğazında enerji daşımalarının pozulması dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu məsələnin iqtisadi tərəfini də unutmamalıyıq. Neft ixracatçısı olan Rusiya belə bir vəziyyətdən müəyyən iqtisadi üstünlüklər əldə edə bilər. Ancaq digər tərəfdən, regionda genişmiqyaslı müharibənin baş verməsi dünya iqtisadiyyatında qeyri-sabitliyi artıracaq və bu, Moskva üçün də ciddi təhlükələr yaradacaq. Yəni burada Rusiyanın maraqları baxımından bir-birinə zidd olan iki amil mövcuddur. Nəticə etibarilə düşünürəm ki, Rusiya İranın zəifləməsinin qarşısını almağa çalışacaq və onun hərbi imkanlarının qorunmasına müəyyən dəstək göstərə bilər. Lakin İran uğrunda ABŞ və İsraillə açıq qarşıdurmaya, yaxud müharibəyə girməkdən çəkinəcək. Moskvanın əsas məqsədi İranı bütün mümkün vasitələrlə müdafiə etmək öhdəliyini üzərinə götürmək deyil, onu regionda strateji tərəfdaş kimi qoruyub saxlamaqdır. Məncə, Möhsün Rzai ilə müzakirələrdə əsas diqqət İrana hərbi-texnoloji dəstəyin göstərilməsi, eləcə də Hörmüz boğazından enerji daşımaları ilə bağlı Rusiyanın maraqlarına uyğun məsələlər üzrə Tehranla razılaşmaların əldə olunmasına yönələ bilər. Ancaq konkret hərbi ittifaqın yaradılması, yaxud Rusiya ordusunun İranın tərəfində ABŞ və İsrailə qarşı döyüşlərə qoşulması və hərbi müdaxilədə iştirakı real görünmür. Rusiyanın belə bir addım atması hazırkı geosiyasi şəraitdə, demək olar ki, mümkünsüzdür”.
Ayhan
19:35 06.11.2026
Oxunuş sayı: 58