8 Noyabr – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazılan Zəfər Günü
Noyabrın 8-də Azərbaycan xalqı tarixində ən şanlı və qürurverici günlərindən birini - Zəfər Gününü böyük fərəh və iftixar hissi ilə qeyd edir. Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi.
44 gün davam edən Vətən müharibəsinin Zəfərlə yekunlaşması Azərbaycan xalqının onilliklər ərzində gözləntisinin, ümidlərinin doğrulması, tarixi düşmən üzərində qələbəsinin nümayişi idi. Bu Zəfər Azərbaycan dövlətinin hərbi, siyasi, diplomatik və strateji qələbəsi, xalqın milli birliyinin və dövlətimizin qüdrətinin zirvəsi kimi tariximizə yazıldı.
Ermənistanın növbəti təxribatının qarşısının alınması məqsədilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüz və suverenliyimizin, beynəlxalq hüququn və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizə idi. Ermənistanın illərlə davam edən işğalçılıq və terror siyasəti, davamlı təxribatları, danışıqlar prosesini pozması, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi səbəbindən başalanan 44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.
Heç şübhəsiz, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ulu Öndərin ölkə iqtisadiyyatının dirçəldilməsi, xarici investisiyaların cəlb edilməsi, uzaqgörən enerji siyasəti, ordu quruculuğu sahəsində atdığı addımlar, sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövlətini qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti, xalqımızın görünməmiş milli həmrəylik nümayiş etdirməsi, öz lideri ətrafında yumruq kimi birləşməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.
Qarşıdan gələn Zəfər Günü ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, uzun illər işğal altında olan torpaqlarımızın hər qarışı uğrunda igid oğullarımızın 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıqla mübarizə aparması, xüsusilə də Şuşanın azad olunması ən nümunəvi əməliyyatlardan biri kimi dünya hərb tarixində yer aldı: “Bu döyüş təkcə hərbi üstünlük deyil, mənəvi gücün, Vətən sevgisinin, xalqın iradəsinin təzahürü idi. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Onun azadlığı həm də milli ruhun azadlığı idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Prezident İlham Əliyev 6 il öncə noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir!” ifadələri ilə Şanlı Zəfərimiz Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonudəyişmək iqtidarında olmayacaq və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi və cəmi 23 saat 48 dəqiqə davam edərək, Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Xalqımızın qüdrətinin və milli qürurumuzun rəmzinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Zəfər Günü, əslində, təkcə 44 günlük müharibənin yekunu deyil. Bu, həm də Azərbaycan dövlətçiliyinin müasir mərhələyə qədəm qoymasının təntənəsidir. Bu qələbə ilə Azərbaycan regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaratdı. Zəfərimiz Azərbaycanın beynəlxalq nüfuzunu misilsiz dərəcədə artırdı. Bu gün dövlətimiz təkcə enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və həmin layihələri effektli şəkildə həyata keçirən bir ölkə deyil, eyni zamanda bu Zəfər sayəsində sülh və sabitliyin təminatçısıdır. Keçən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma məhz Azərbaycanın və liderimizin misilsiz diplomatik və hərbi-siyasi uğurunu bir daha nümayiş etdirdi.
Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində yaranan yeni geosiyasi və geoiqtisadi reallıq ölkəmizin davamlı inkişafı və beynəlxalq nüfuzunun artmasında mühüm rol oynamaqla yanaşı, ümumilikdə regionumuzda sülh və sabitliyə, inkişaf və rifaha nail olunması üçün qlobal əhəmiyyətli tarixi hadisədir. Məhz bu Zəfərdən sonra dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq və regional təşkilatların bölgəmizə marağı artmağa başladı. Bu gün hərbi paradda deyil, döyüş meydanında öz hərbi qüdrətini sübut edən, beynəlxalq müstəvidə etibarlı və məsuliyyətli tərəfdaş kimi hörmət qazanan, mesajları və bəyanatları qlobal proseslərə təsir etmək iqtidarında olan, “orta güc” olaraq qəbul edilən qalib Azərbaycanın iştirakı olmadan regionumuzda beynəlxalq nəqliyyat, enerji, rəqəmsal bağlantı layihələrinin həyata keçirilməsi mümkün deyil. Şanlı Zəfərin əldə edilməsi ilə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərini həyata keçirən, ədaləti bərpa edən Ali Baş Komandan cənab İlham Əliyev bu tarixi fürsətdən təzyiq vasitəsi kimi deyil, regionumuzun gələcək inkişafı naminə istifadə edərək, yüksək humanizm və dünya səviyyəli müdrik liderlik nümunəsi göstərdi. İnanırıq ki, dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində ölkəmiz daha güclü, xalqımız daha firavan olacaq.
Bu şanlı Zəfər gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi, Zəfər Günümüz isə Azərbaycan xalqının ən böyük qürur simvoludur”.
Ayhan
18:35 06.11.2026
Oxunuş sayı: 73