Yasamal rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin rəsmi hissəsindən əvvəl “Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.
İnstitutda keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat prospekti 40” ünvanı üzrə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi) ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, “H.Cavid prospekti 33a” ünvanı üzrə (Bakı Metropoliteni QSC) ərazi partiya təşkilatının sədr müavini, Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova, 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər İsmayıl Kərimlinin anası, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Memarlıq və İnşaat şöbəsinin qrup rəisi Rəna Kərimova, şəhid ailələrinin üzvləri, partiya üzvləri və institutun əməkdaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev çıxışında bildirib ki, 8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. O qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür. Direktor vurğulayıb ki, bu Qələbə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib, xalqımızın öz gücünə və gələcəyinə inamını möhkəmləndirib. Onun sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yaratdığı yeni reallıqların mühüm göstəricisidir. O, institut kollektivinin də ölkəmizin inkişafına, elmi-texniki potensialının gücləndirilməsinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verməyə çalışdığını bildirib. Nüsrət Əliyev Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin hər zaman uca tutulmasının və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıb. Sonda o, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edərək bu tarixi Qələbənin Azərbaycan dövlətçiliyinin inkişafında əbədi yaşayacağını vurğulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan möhtəşəm hadisədir. O qeyd edib ki, bu Qələbə Azərbaycanın uzun illər ərzində apardığı məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadi potensialının və milli həmrəyliyinin nəticəsidir. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizi tarixi Zəfərə aparan əsas amillərdən birinə çevrilib. Onun sözlərinə görə, Vətən müharibəsində nümayiş etdirilən xalq-ordu birliyi Azərbaycan cəmiyyətinin milli maraqlar ətrafında necə sıx birləşdiyini bütün dünyaya göstərib. Misir Mərdanov bildirib ki, qazanılan Qələbə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm əhəmiyyət daşıyır. O, şəhidlərin qəhrəmanlığının və qazilərin fədakarlığının heç zaman unudulmayacağını, bu tarixi mirasın gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. Sonda natiq Zəfər Gününün hər bir azərbaycanlının qəlbində milli qürur və sonsuz iftixar hissi yaratdığını vurğulayıb.
Çıxış edən şəhid Nurlan Mustafayevin anası Rahilə Ramazanova bildirib ki, 8 Noyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, hər birimizin qürurla xatırladığı tarixi gündür. O qeyd edib ki, bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz fədakarlığı hesabına əldə olunub. Rahilə Ramazanova şəhid anaları üçün övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlığın ən böyük təsəlli və qürur mənbəyi olduğunu bildirib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri davamlı diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq dövlət başçısının və Birinci vitse-prezidentin şəhid ailələri ilə mütəmadi görüşlərini, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək buna görə minnətdarlığını ifadə edib. O qeyd edib ki, göstərilən diqqət və qayğı şəhid ailələrinə mənəvi dayaq olmaqla yanaşı, qəhrəman övladlarımızın xatirəsinin dövlət səviyyəsində daim uca tutulduğunun bariz nümunəsidir. Sonda Rahilə Ramazanova bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər İsmayıl Kərimlinin anası Rəna Kərimova çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun və sarsılmaz iradəsinin təcəssümü olduğunu bildirib. O qeyd edib ki, bu tarixi Qələbə Vətən sevgisinin, torpaq uğrunda fədakarlığın və xalqımızın birliyinin hansı böyük gücə malik olduğunu bütün dünyaya nümayiş etdirib. Rəna Kərimova şəhid analarının yaşadığı ağır itkilərə baxmayaraq, övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqla fəxr etdiklərini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Natiq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndirərək minnətdarlığını bildirib. O qeyd edib ki, bu münasibət şəhid ailələrinin mənəvi gücünü artırır, onların dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir. Sonda Rəna Kərimova şəhidlərin xatirəsinin yaşadılmasının, onların ailələrinə qayğı göstərilməsinin və Vətənə sədaqət nümunələrinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu bildirib.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, peşəkarlığının və sarsılmaz ruhunun nəticəsidir. O vurğulayıb ki, Azərbaycan əsgəri döyüş meydanında öz cəsarəti, iradəsi və Vətənə bağlılığı ilə dünya hərb tarixinə örnək olacaq qəhrəmanlıq nümayiş etdirib. Qəzənfər Ağayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın birliyi Qələbənin əldə olunmasında həlledici rol oynayıb. O, şəhidlərimizin fədakarlığının, qazilərimizin mübarizə əzminin və müharibə iştirakçılarının xidmətlərinin heç zaman unudulmayacağını bildirib. Natiq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən sosial layihələri, mənzil təminatı və reabilitasiya tədbirlərini yüksək qiymətləndirərək dövlət rəhbərliyinə minnətdarlığını ifadə edib. Sonda Qəzənfər Ağayev bildirib ki, Zəfər tarixi Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının əbədi rəmzi olaraq yaşayacaq.
Sonda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətinin gücünü, xalqımızın milli birliyini və tarixi ədalətin bərpasını təcəssüm etdirən möhtəşəm hadisədir. O qeyd edib ki, bu Qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik strategiyası və Prezident İlham Əliyevin qətiyyətli siyasəti dayanır. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın uzun illərdən bəri yaşadığı torpaq həsrətinə son qoyaraq ölkəmizin suverenliyinin tam bərpası üçün möhkəm zəmin yaradıb. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və yeni yaşayış məskənlərinin salınması Zəfərin real nəticələrini nümayiş etdirir. Bəxtiyar Nəbiyev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri qayğının əhəmiyyətini qeyd edərək onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılandığını bildirib. O, YAP Yasamal rayon təşkilatının da şəhid ailələri, qazilər, müharibə iştirakçıları və gənclərlə bağlı tədbirlərin keçirilməsinə, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliğinə bundan sonra da xüsusi diqqət yetirəcəyini vurğulayıb. Sonda Bəxtiyar Nəbiyev tədbirin təşkilində əməyi olanlara təşəkkür edib, iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək xalqımıza daim sülh, əmin-amanlıq və yeni uğurlar arzulayıb.
Çıxışlardan sonra 8 Noyabr – Zəfər Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
15:40 06.11.2026
Oxunuş sayı: 93