Avropada bomba həyəcanı: Təyyarələr təcili eniş edir
Avropanın bir sıra ölkələrində təyyarələrə bomba qoyulması ilə bağlı daxil olan məlumatlar hava nəqliyyatında ciddi fasilələrə səbəb olmaqda davam edir. Təhlükəsizlik xəbərdarlıqları səbəbindən bəzi sərnişin təyyarələri istiqamətini dəyişərək təcili eniş etməli olur, hava limanlarında isə genişmiqyaslı yoxlamalar aparılır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiya, Danimarka, İtaliya və Portuqaliya da daxil olmaqla bir sıra Avropa ölkələrində sərnişin təyyarələrinə qarşı bomba təhdidləri ikinci gündür uçuşların hərəkətinə mane olur.
Belə ki, İtaliyanın paytaxtı Romadan Portuqaliyanın paytaxtı Lissabona uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yerli vaxtla saat 08:00 radələrində Lissabon hava limanına enib. Təyyarədə partlayıcı maddənin ola biləcəyi ilə bağlı telefon məlumatı alan səlahiyyətli qurumlar hadisə ilə əlaqədar araşdırmaya başlayıblar.
Çexiyanın paytaxtı Praqadan Romaya uçan “Wizz Air” təyyarəsi isə bomba xəbərdarlığından sonra İtaliyanın Venesiya şəhərinə yönləndirilib və burada təcili eniş edib. Məlumatın Roma Fiumicino hava limanının dispetçer qülləsinə telefonla çatdırıldığı, təyyarədə partlayıcı maddənin olub-olmamasının araşdırıldığı bildirilir.
Praqadakı Vatslav Havel hava limanında da çoxsaylı təyyarələrlə bağlı bomba xəbərdarlıqları qeydə alınıb. Hava limanının sözçüsü Denisa Heytmankovanın Çexiyanın CTK xəbər agentliyinə açıqlamasına görə, daxil olan məlumatlar Praqaya gələn 4, buradan yola düşəcək 5 olmaqla, ümumilikdə 9 reysə aid olub. Sözügedən təyyarələrin hamısının yerdə olduğu və polis yoxlamalarının davam etdiyi bildirilib.
Rumıniya Kəşfiyyat Xidməti də Praqadan Buxarestin Henri Koanda Beynəlxalq Hava Limanına gələn təyyarələrdən biri ilə bağlı bomba xəbərdarlığının daxil olduğunu açıqlayıb.
Danimarkada da təhlükəsizlik tədbirləri gücləndirilib
Danimarkanın paytaxtı Kopenhagen hava limanına qarşı da yeni bomba xəbərdarlıqları daxil olub. Polis hadisələrlə bağlı genişmiqyaslı araşdırma aparır.
Kopenhagen polisinin yazılı açıqlamasında bildirilib ki, əvvəlki gün olduğu kimi, bu gün də hava limanının fəaliyyətinə mənfi təsir göstərə biləcək bomba xəbərdarlıqları qeydə alınıb. Bununla belə, sərnişinlər üçün hər hansı təhlükənin olmadığı vurğulanıb.
Açıqlamada əvvəlki gün daxil olan xəbərdarlıqların əsassız olduğunun müəyyən edildiyi də xatırladılıb.
Son günlər İngiltərə, Bolqarıstan, Polşa, Danimarka, Portuqaliya, İrlandiya, İspaniya və İtaliya arasında uçuşlar həyata keçirən çoxsaylı təyyarələrlə bağlı bomba məlumatları daxil olub. Aparılan axtarış və yoxlamalar zamanı isə heç bir partlayıcı maddə aşkarlanmayıb.
Fransada 4 bomba xəbərdarlığı qeydə alınıb
Fransanın hava məkanından istifadə edən bəzi təyyarələrlə bağlı təhlükəsizlik narahatlıqları da rəsmi qurumların diqqətindədir.
Fransa Baş nazirliyindən verilən açıqlamada ölkənin hava məkanından istifadə edən təyyarələrlə bağlı 4 bomba xəbərdarlığının daxil olduğu bildirilib. Sözügedən təyyarələrin heç bir problem yaşamadan eniş etdiyi qeyd olunub.
Partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislərin təyyarələrdə təhlükəsizlik yoxlamalarını davam etdirdiyi, Avropada baş verən bomba xəbərdarlıqlarının mənbəyinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparıldığı vurğulanıb.
18:47 06.11.2026
Oxunuş sayı: 63