Türkiyənin müdafiə sənayesi ixracı 11 milyard dolları keçib
Türkiyənin müdafiə və aviasiya sənayesi son 12 ayda 11 milyard 357 milyon dollarlıq ixrac həyata keçirib. Oktyabr ayında sektorun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz artıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bu barədə məlumat açıqlayıb.
Bildirilib ki, 2026-cı ilin oktyabrında Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ixracı 1 milyard 140 milyon dollara çatıb.
Həmin dövrdə ölkənin ümumi ixracı 8,1 faiz artdığı halda, müdafiə sektorunda artım 61 faiz təşkil edib.
Yanvar–oktyabr aylarında müdafiə və aviasiya sənayesinin ixracı 21 faiz artaraq 8 milyard 50 milyon dollara yüksəlib.
Son 12 aylıq dövrdə isə ixracın həcmi 37 faiz artaraq 11 milyard 357 milyon dollara çatıb.
Məlumata görə, sektorun ixrac etdiyi məhsulların hər kiloqramına düşən dəyər Türkiyənin ümumi ixrac göstəricisindən 40 dəfə yüksəkdir.
Bundan başqa, müdafiə sənayesi ixracının 57 faizindən çoxu NATO üzvü olan ölkələrin payına düşüb.
Qeyd edək ki, Türkiyə 2024-cü ildə 7,1 milyard dollar, 2025-ci ildə isə xidmət ixracı da daxil olmaqla 10 milyard 54 milyon dollarlıq müdafiə və aviasiya sənayesi məhsulu və xidməti ixrac edib.
Açıqlanan göstəricilər Türkiyənin müdafiə və aviasiya sənayesinin beynəlxalq bazarlarda satış həcminin artdığını göstərir.
17:45 06.11.2026
Oxunuş sayı: 64