Qarşıdakı günlər həlledicidir: Ukraynanın taleyi həll olunur
ABŞ-nin Ukrayna və İsrailə maliyyə yardımları ilə bağlı atdığı addımlar Vaşinqtonun xarici siyasət prioritetləri ətrafında yeni müzakirələrə səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenskinin əvvəlki razılaşmalar çərçivəsində Kiyevə ayrılması nəzərdə tutulan 16 milyard dollarlıq yardımın dayandırıldığını açıqlaması diqqət çəkir. İsrailə ayrılması nəzərdə tutulan yardımla bağlı da oxşar vəziyyətin yaşanması ABŞ-nin müttəfiqlərinə maliyyə dəstəyi siyasətinə yenidən baxdığı sualını gündəmə gətirir.
Bəs Vaşinqtonun bu qərarlarının arxasında hansı səbəblər dayanır? ABŞ xarici yardımları məhdudlaşdırmaqla yeni siyasi və iqtisadi kurs müəyyənləşdirir, yoxsa bu, son seçkilərdən sonra formalaşan yeni siyasi sistemin nəticəsidir? Tramp administrasiyasının bu yanaşması ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Elşad Paşasoy Crossmedia.az-a açıqlamasında qeyd edib ki, təkcə Rusiya və Ukrayna deyil, ABŞ başda olmaqla Qərb ölkələri də müharibədən yorulub: “Xüsusilə Moskva ilə Kiyev arasında gərginliyin artıq beşinci ildir davam etməsi Qərb dünyasında ciddi narahatlıq doğurur. Hazırda Avropa ölkələrinin bir çoxu böhranlı vəziyyətlə üz-üzədir. ABŞ-də də sosial-iqtisadi vəziyyətlə bağlı müəyyən narahatedici siqnallar müşahidə olunur. Yanacağın qiymətinin artdığı bir şəraitdə Qərbin, o cümlədən ABŞ-nin Ukraynaya əvvəlki qaydada genişmiqyaslı yardımlar göstərməsi artıq çətinləşir. Nəzərə almalıyıq ki, ABŞ-nin böyük həcmdə xarici borcunun olması da ölkə administrasiyası üçün əlavə narahatlıq yaradır. Xatırlatmaq yerinə düşər ki, Donald Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdə əvvəlki administrasiyanı Ukraynaya külli miqdarda vəsait ayırmaqda tənqid edirdi. O, göstərilən bütün yardımlara baxmayaraq müharibənin nəinki səngimədiyini, əksinə, daha faciəvi miqyas aldığını bildirirdi. Tramp hesab edirdi ki, həmin dövrdə hakimiyyətdə olsaydı, şəxsi nüfuzundan istifadə edərək müharibəni dayandıra bilərdi. Bu mənada o, Ukraynaya ayrılan yüz milyardlarla dolların müharibənin gedişinə ciddi təsir göstərmədiyini iddia edirdi”.

E.Paşasoy qeyd edib ki, hazırkı mərhələdə isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin 16 milyard dollarlıq yardım qərarının dayandırılması və daha 16 milyard dolların ayrılması məsələsini gündəmə gətirməklə Kiyevin bu dəstəyi almaqda israrlı olduğunu nümayiş etdirir: “Hətta ABŞ-də demokratlarla respublikaçılar arasında siyasi mübarizənin fonunda Ukraynaya yardım məsələsində hər iki siyasi cinahın ortaq mövqedən çıxış etməli olduğu fikirləri də səsləndirilir. Çünki xüsusilə qarşıdan gələn qış aylarında Ukraynanın müharibəni davam etdirməsi, əhalinin gündəlik həyatının təmin olunması əlavə problemlər yarada bilər. Fransa başda olmaqla Avropanın aparıcı dövlətlərinin də çətinliklərlə üzləşməsi Ukrayna üçün əlavə risklər vəd edir. Bununla belə, Ukraynaya dəstəyin azalmasını yalnız ABŞ-də keçirilən seçkilərlə əlaqələndirmək düzgün olmazdı. Demokratların seçkilərdə irəli çıxması və təşəbbüsü ələ alması halında belə, Ukraynanın Qərb demokratiyası tərəfindən dəstəklənməsi ehtimalı qalır. Eyni zamanda, Tramp administrasiyası yüz minlərlə insanın həyatına son qoyan bu qanlı müharibənin dayandırılması istiqamətində müəyyən cəhdlər göstərir. Bir müddət əvvəl Trampın xüsusi nümayəndələri Ukrayna və Rusiyaya səfər etmişdilər. Həmçinin Trampın həyat yoldaşı Melaniyanın Rusiya və Ukrayna nümayəndə heyətləri arasında təmasların qurulmasına yönəlmiş təşəbbüsü də müəyyən ümidlər yaradıb. Hətta beynəlxalq mediada Trampın ala bilmədiyi Nobel Sülh mükafatını gələcəkdə həyat yoldaşının ala biləcəyi ilə bağlı müzakirələr aparılır. Bu mənada sülh təşəbbüsləri müəyyən nəticə verərsə, xüsusilə noyabrın 11-də Əbu-Dabidə keçirilməsi gözlənilən üçtərəfli görüş mühüm əhəmiyyət daşıya bilər. Hər hansı razılaşmanın əldə olunması və atəşkəsin uzunmüddətli şəkildə təmin edilməsi gələcəkdə Ukraynaya hərbi dəstəyin əvvəlki səviyyədə saxlanılmasına ehtiyacı azalda bilər. NATO-nun baş katibi Mark Rutte də Ukraynadakı münaqişənin tərəflərdən heç birinin tam qələbəsi olmadan başa çatacağını bəyan edib. Hesab olunur ki, hazırkı vəziyyətdə tərəflərdən heç birinin qalib gəlmədiyi ssenari Ukraynaya dəstək verən ölkələrin, o cümlədən Vaşinqtonun maraqlarına daha uyğun ola bilər”.
Ekspert bildirib ki, son dövrlərdə Tramp administrasiyasının Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək istiqamətində addımlar atması, Rusiya məhsullarının, o cümlədən dizel yanacağının alınması ilə bağlı müzakirələrin aparılması da diqqət çəkir: “Bütün bunlar Ukraynaya hərbi yardımın müəyyən müddətə azaldılması və ya dayandırılması ehtimalını gündəmə gətirir. Şübhəsiz ki, Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi ABŞ-ni Ukrayna məsələsində müəyyən məsafə saxlamağa vadar edə bilər. Bu baxımdan bütün diqqətlər noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi gözlənilən üçtərəfli görüşə yönəlib. Bundan əvvəl də bir sıra görüşlər keçirilib, lakin onlar nəticəsiz başa çatıb. Bununla belə, həm Rusiyanın, həm də Ukraynanın müharibənin gətirdiyi faciələrdən yorulması və müəyyən şərtlər daxilində münaqişənin dayandırılması ilə bağlı danışıqlara meyil göstərməsi müəyyən ümidlər yaradır. Doğrudur, Rusiya hazırda cəbhədə müəyyən üstünlüyə malikdir və işğal etdiyi ərazilərlə bağlı iddialarını davam etdirir. Bununla yanaşı, BMT-nin mexanizmlərinin işə salınması, mübahisəli ərazilərin müəyyən müddətə beynəlxalq qurumun nəzarətinə verilməsi, gələcəkdə referendum keçirilməsi kimi təkliflər də müzakirə olunur. Lakin bu təşəbbüslərin nə dərəcədə qəbul ediləcəyini indidən söyləmək çətindir. Çünki əvvəlki illərdə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi qanunsuz referendumlar həmin ərazilərin ilhaqı ilə nəticələnib. BMT isə bu ilhaqları tanımır və referendumları qanunsuz hesab edir. Bu baxımdan prosesin gələcək taleyində Kiyevin mövqeyi də mühüm rol oynayacaq. ABŞ-nin hazırda gözləmə mövqeyi tutması da müəyyən mənada əsassız deyil. Xüsusilə Trampın öz partiyasının seçkilərdəki məğlubiyyətinin ilkin səbəbləri sırasında İrana qarşı hərbi əməliyyatları göstərməsi diqqət çəkir. Əgər ABŞ cəmiyyətində yeni müharibələrə qarşı narazılıq artırsa, Vaşinqtonun növbəti hərbi münaqişə ilə bağlı ictimai dəstək qazanmağa çalışması çətin olacaq. Bu mənada hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh təşəbbüslərinin və müəyyən razılaşma variantlarının gündəmə gətirilməsi daha məqsədəuyğun görünür. Bundan əvvəl ABŞ-nin İsrailə vəd etdiyi 10 milyard dollarlıq yardımla bağlı da tərəddüdlü mövqeyini müşahidə etdik. Bu, ABŞ daxilindəki gərgin siyasi və iqtisadi vəziyyətin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bununla belə, Vaşinqtonun uzunmüddətli perspektivdə İsraildən üz döndərməsi və ona dəstəkdən imtina etməsi real görünmür. Xüsusilə İrana qarşı yeni hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı xəbərdarlıqların səsləndirildiyi bir vaxtda ABŞ və İsrailin müttəfiqliyinin alternativi görünmür. Sadəcə, bu proses müəyyən zaman tələb edə bilər. Hazırkı vəziyyətdə Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyini davam etdirməsi də diqqətdən kənarda qalmamalıdır. Avropa Komissiyasının 90 milyard avroluq kredit çərçivəsində əlavə 136 milyard avro vəsaitin ayrılması ilə bağlı gündəmə gətirdiyi məsələlər Ukraynanın, Avropanın özünün ciddi çətinliklər yaşadığı bir dövrdə belə, diqqətdən kənarda qalmadığını göstərir. Qarşıdakı günlərdə baş verəcək proseslərdən çox şey asılı olacaq. Ukraynanı taleyin ümidinə buraxmaq mümkün deyil. Əks halda, Qərbin müdafiə etdiyi demokratiya prinsiplərindən danışmaq da mənasızlaşar. Eyni zamanda, Ukraynanı işğalçı dövlətlə üz-üzə qoyaraq köməksiz vəziyyətdə buraxmaq gələcəkdə həmin dövlətlərin və onların rəhbərlərinin beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər”.
Ayhan
17:54 06.11.2026
Oxunuş sayı: 87