Respublikaçılar üçün ağır məğlubiyyət: Tramp nə edəcək?
ABŞ-də Alyaska ştatında Senata keçirilən seçkilərin nəticələri ətrafında yeni siyasi və hüquqi mübahisə yaranıb. Prezident Donald Tramp respublikaçı senator Den Sallivanın rəqibləri olan, eyni adlı digər namizədə və daha bir namizədə verilmiş səslərin Sallivanın hesabına keçirilməsini tələb edib. Tramp bunu demokratların seçiciləri çaşdırmaq cəhdi kimi qiymətləndirir və belə bir addımın ədalətli həll yolu olduğunu bildirir.
Lakin seçicilərin verdiyi səslərin başqa namizədin hesabına keçirilməsi hüquqi baxımdan nə dərəcədə mümkündür? Trampın bu tələbi reallaşa bilərmi, yoxsa bu, seçkilərin nəticələrinə siyasi müdaxilə cəhdidir? Alyaskada yaranan mübahisə ABŞ-də seçki institutlarına və siyasi münasibətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, ABŞ-də keçirilən seçkilər gözlənildiyi kimi Donald Trampın partiyasının məğlubiyyəti ilə nəticələndi: “Lakin gözlənilməz olan nəticələr arasındakı fərqin bu qədər böyük olması idi. Nəzərə alsaq ki, demokratlar hətta uzun onilliklər, bəlkə də, yüz ilə yaxın müddətdə davamlı şəkildə qalib gəldikləri ştatları belə itirmişdilər, bu nəticələr respublikaçılar üçün ciddi siyasi zərbə oldu. Bu məğlubiyyət ABŞ-də seçicilərin Trampın seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirməməsi ilə əlaqələndirilir. Xüsusilə İran müharibəsi və onun doğurduğu nəticələr seçkilərə, eləcə də seçicilərin əhval-ruhiyyəsinə ciddi təsir göstərdi. Trampın Alyaskada seçkilərin nəticələri ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, bu, müəyyən mənada başadüşüləndir. Çünki demokratlar rəsmi namizədlə yanaşı, onunla eyni ada malik başqa bir namizədi də seçkiyə təqdim ediblər. Seçki texnologiyalarında bəzən bu cür üsullardan istifadə olunur. Məqsəd rəqib namizədin seçicilərini çaşdırmaq və onun topladığı səslərə təsir göstərmək ola bilər”.

Politoloq qeyd edib ki, bu baxımdan Trampın etirazını müəyyən qədər anlamaq mümkündür: “Lakin hesab edirəm ki, hətta nəzəri baxımdan bu iddia və tələb qəbul olunsa belə, bunun Konqresdə və Senatda qüvvələr nisbətinə ciddi təsiri olmayacaq. Çünki hər iki palatada demokratlar kifayət qədər böyük səs üstünlüyü əldə ediblər. Bir səsin artması və ya azalması ümumi siyasi mənzərədə hər hansı ciddi dəyişikliyə səbəb olmayacaq. Bu səbəbdən həmin məsələni xüsusi siyasi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, Tramp bu iddia vasitəsilə seçkilərdə demokratların müəyyən manipulyasiyalara əl atdığını göstərməyə çalışır. Burada əsas məqsədlərdən biri də seçkilərin nəticələrini müəyyən qədər şübhə altına almaq ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, Tramp seçkilərdən dərhal sonra nəticələri qəbul etdiyini və demokratlarla işləməyə hazır olduğunu da bəyan edib”.
Ayhan
14:50 06.11.2026
Oxunuş sayı: 84