Evinizdə soba varsa, bu qaydaları mütləq bilin
Fərdi yaşayış evlərində soba və tüstü bacalarının vaxtında təmizlənməməsi yanğın və dəm qazından zəhərlənmə riskini artırır. Mütəxəssislər təhlükəsizlik məqsədilə bacaların istifadə müddətində ən azı üç ayda bir dəfə təmizlənməsini tövsiyə edirlər.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bu barədə “Suspilne” nəşrinə məlumat verib.
Bildirilib ki, soba və tüstü bacalarının divarlarında zamanla his toplanır. Bu qatın mütəmadi təmizlənməməsi tüstünün xaric olunmasını çətinləşdirir, yanğın və dəm qazından zəhərlənmə təhlükəsi yaradır.
Mütəxəssislərin sözlərinə görə, təmizlənmə tezliyi istifadə olunan yanacağın növündən də asılıdır. Xüsusilə nəm odun, şam və küknar kimi qatranlı ağaclardan istifadə edildikdə bacalarda his daha sürətlə yığılır.
Sobanın gündəlik istifadə müddətindən asılı olaraq bacaların iki ayda bir, bəzi hallarda isə hər ay təmizlənməsi tələb oluna bilər.
Bacanın divarlarında his qatının qalınlığı 5 millimetri keçərsə və ya evdə tüstü qoxusu hiss edilərsə, təmizləmə işləri gecikdirilməməlidir.
Mütəxəssislər sobadan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyini də vurğulayıblar.
Tövsiyələrə əsasən, soba ilə mebel arasında ən azı 70 santimetr, sobanın yanacaq doldurulan hissəsinin qarşısında isə minimum 125 santimetr təhlükəsiz məsafə saxlanılmalıdır.
Sobanın qarşısındakı döşəmə yanar materialdan hazırlanıbsa, həmin hissə metal təbəqə ilə qorunmalıdır. Tüstü bacalarının keçdiyi divarlar və borular suvanmalı, ağardılmalıdır.
Bundan əlavə, sobanın üzərində paltar qurutmaq, asan alışan materialları yandırmaq və sobaya nəzarəti uşaqlara həvalə etmək təhlükəlidir.
Tüstü bacalarının havalandırma və qaz kanallarına birləşdirilməsi də yolverilməz hesab olunur. Bu, dəm qazından zəhərlənməyə səbəb ola bilər.
Mütəxəssislər işlək sobanın uzun müddət nəzarətsiz saxlanılmamasını tövsiyə edirlər.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti xatırladıb ki, sobanın təhlükəsiz istismarına görə ev sahibi məsuliyyət daşıyır. Hisin alışması nəticəsində insanların sağlamlığına və ya başqalarının əmlakına zərər dəyərsə, ölkə qanunvericiliyinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yarana bilər.
14:51 06.11.2026
Oxunuş sayı: 93