Türkiyədə kəndlər boşalır – Üç kənddə cəmi bir nəfər yaşayır
Türkiyədə əhalinin sayı 86 milyonu keçsə də, kənd və qəsəbələrdə yaşayanların sayı azalmaqda davam edir. Ölkənin üç kəndində cəmi bir nəfərin, 70 kəndində isə 10 və ya daha az sakinin qeydə alındığı məlum olub.
Crossmedia.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) bu barədə məlumat yayıb.
Rəsmi statistikaya əsasən, Türkiyənin ümumi əhalisi 86 milyon 92 min 168 nəfərə çatıb.
Bununla yanaşı, kənd və qəsəbələrdə yaşayanların sayı bir il ərzində təxminən 119 min nəfər və ya 2,1 faiz azalaraq 5 milyon 536 min 693 nəfərə düşüb.
Beləliklə, kənd və qəsəbə əhalisinin ölkənin ümumi əhalisindəki payı 6,6 faizdən 6,4 faizə enib.
Şəhər və rayon mərkəzlərində yaşayanların sayı isə 80 milyon 555 min 475 nəfərə yüksəlib.
Statistik məlumatlarda diqqət çəkən məqamlardan biri də bəzi kəndlərdə əhalinin kəskin azalmasıdır. Belə ki, Türkiyənin 70 kəndində 10 və ya daha az insan yaşayır. Üç kəndin hər birində isə yalnız bir nəfər qeydiyyatdadır.
Kənd yerlərində əhalinin azalması kənd təsərrüfatı istehsalı, kənd həyatının davamlılığı və şəhərlərin demoqrafik strukturu baxımından mühüm məsələ kimi qiymətləndirilir.
16:49 06.11.2026
Oxunuş sayı: 62