Trampın impiçmenti tələb oluna bilər- İddia
ABŞ Prezidenti Donald Trampın İsrailə ayrılan 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını bəyan etməsi Vaşinqton–Təl-Əviv münasibətlərində yeni suallar doğurub. Bu qərar ABŞ-nin Yaxın Şərq siyasətində dəyişiklik siqnalıdır, yoxsa Trampın daxili siyasi maraqları ilə bağlı taktiki gedişdir? Xüsusilə seçkilər ərəfəsində Amerika cəmiyyətində İsrailə dəstəklə bağlı mövqelərin dəyişməsi Trampın qərarına nə dərəcədə təsir göstərib? Bəs bu addımın arxasında hansı siyasi və geosiyasi səbəblər dayanır? Tramp İsrailə maliyyə yardımını dayandırmaqla seçicilərin rəğbətini qazanmağa çalışır?
Politoloq Azad Məsiyev mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə İsrailin həyata keçirdiyi siyasət birbaşa ABŞ-nin himayəsi altında reallaşdırılır: “ABŞ İsrailə maliyyə, siyasi və hərbi dəstək göstərməsəydi, bu ölkə regionda indiki qədər aqressiv siyasət yürüdə bilməzdi. Son dövrlərdə ABŞ və İsrailin birgə fəaliyyəti xüsusilə aydın şəkildə müşahidə olunur. İstər İrana qarşı hərbi əməliyyatlarda, istərsə də Fələstinin Qəzza zolağında baş verən hadisələrdə Vaşinqtonun İsrailə verdiyi dəstək özünü açıq şəkildə göstərir. ABŞ-də keçirilən aralıq seçkilərində Demokratların qələbəsi, Respublikaçıların isə mövqelərinin zəifləməsi ölkənin həm daxili, həm də xarici siyasətinə birbaşa təsir göstərəcək. Demokratlar Donald Tramp administrasiyasının həyata keçirdiyi siyasəti ciddi şəkildə məhdudlaşdırmağa çalışacaqlar. Artıq bunun ilkin əlamətlərini də müşahidə etmək mümkündür. Trampın İsrailə maliyyə yardımının azaldılması və ya yenidən nəzərdən keçirilməsi ilə bağlı fikirləri də Demokratların mövqelərinin güclənməsi fonunda qiymətləndirilə bilər. Çünki Konqresdə Demokratların təsir imkanlarının artması administrasiyadan daha geniş hesabatlılıq tələb olunmasına şərait yaradır. İstər hərbi əməliyyatlar, istərsə də maliyyə siyasəti ilə bağlı Tramp administrasiyasının qərarları daha ciddi parlament nəzarəti ilə üzləşə bilər”.
Politoloq əlavə edib ki, məhz bu baxımdan Tramp öz fəaliyyətində müəyyən dəyişikliklər etməyə, siyasətinə yenidən baxmağa məcbur qala bilər: “Əvvəlki kimi həm Nümayəndələr Palatasında, həm də Senatda Respublikaçıların üstünlüyünün olmaması prezidentin qərarvermə imkanlarını məhdudlaşdırır. Bu isə Trampı daha ehtiyatlı davranmağa vadar edəcək. Beləliklə, Demokratların seçkilərdə əldə etdiyi uğur Trampın siyasi kursuna birbaşa təsir göstərə bilər. Hətta hesab edirəm ki, gələcəkdə Trampın impiçmenti məsələsi də yenidən gündəmə gələ bilər. Çünki onun fəaliyyəti həm ABŞ ictimaiyyətində, həm də beynəlxalq səviyyədə ciddi narazılıqlara səbəb olub. Hesab edirəm ki, Trampın prezidentliyi dövründə verdiyi bir sıra qərarlar və bəyanatlar ABŞ-nin beynəlxalq nüfuzuna ciddi zərər vurub. İstər müttəfiqlərinə münasibətdə yürütdüyü siyasət, istərsə də İranla bağlı atdığı addımlar Amerikanın beynəlxalq imicinə mənfi təsir göstərir”.

A.Məsiyev bildirib ki, ABŞ İranla münaqişəyə İsrailin təsiri nəticəsində cəlb olunub: “Bunu bir çox siyasətçi deyirdi. Bu baxımdan İran əməliyyatları Demokratların seçkilərdə uğur qazanmasına zəmin yaradan amillərdən biri kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Respublikaçılar da Trampın siyasətini ciddi şəkildə təhlil etməli olacaqlar. Çünki mövcud siyasi kursun davam etməsi partiyanın növbəti prezident seçkilərində məğlubiyyət riskini artıra bilər. Bu səbəbdən Respublikaçılar daxilində də Trampın fəaliyyəti və onun siyasi strategiyası ilə bağlı müzakirələrin güclənəcəyi gözlənilir. Ümumilikdə, Demokratların istər Senatda, istərsə də Nümayəndələr Palatasında mövqelərini gücləndirməsi Trampın siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Administrasiyanın fəaliyyəti ilə bağlı çoxsaylı dinləmələr və araşdırmalar gündəmə gələ bilər. Hətta prezidentin impiçmenti məsələsinin də siyasi müzakirələrin əsas mövzularından birinə çevrilməsi istisna deyil”.
Ayhan
18:30 04.11.2026
Oxunuş sayı: 125