Çin Tramp, Putin və Si Cinpinin mümkün görüşünü təsdiqləyib
Çin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi imkanının müzakirə olunduğunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Pekin mümkün sammitlə bağlı ABŞ və Rusiya ilə təmasları davam etdirir. Lakin görüşün keçirilməsi barədə hələlik yekun razılıq əldə olunmayıb.
Üçtərəfli görüş noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.
Məlumata görə, təşəbbüsün irəli sürülməsində Rusiya tərəfi də fəallıq göstərir. Moskva Ukraynadakı müharibənin öz maraqlarına uyğun şərtlərlə başa çatdırılması məsələsini müzakirə etmək istəyir.
“Bloomberg” qeyd edir ki, belə bir sammit Rusiyanın beynəlxalq təcriddən çıxmasına kömək edə bilər.
Xatırladaq ki, Tramp və Si Cinpin oktyabrda Vaşinqtonda görüşərək Ukrayna məsələsini də müzakirə ediblər. Lakin danışıqlarda əhəmiyyətli razılaşma əldə olunmayıb.
Tramp üçtərəfli sammitdə iştirak etməyə hazır olduğunu bildirsə də, əsas diqqəti Ukrayna müharibəsinə deyil, nüvə silahsızlanması məsələsinə yönəltmək istədiyini vurğulayıb.
Putin isə Ukrayna məsələsinin müzakirəsində maraqlıdır.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sözlərinə görə, Si Cinpin daha əvvəl Avropa ölkələrinin iştirakı olmadan Ukrayna ilə bağlı belə formatda danışıqlar aparmağı planlaşdırmadığını bildirib.
17:05 04.11.2026
Oxunuş sayı: 56