Deputat: Trampın İlham Əliyevi G20 sammitinə dəvəti Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
Ağ Ev rəhbəri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 sammitinə xüsusi olaraq dəvət etməsi Bakı-Vaşinqton münasibətlərində diqqətçəkən diplomatik hadisələrdən biri kimi qiymətləndirilir. Bu dəvət Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan rolunun, eləcə də ABŞ-nin ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu addım iki dövlət arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyi, gələcək əməkdaşlığın hansı istiqamətlərdə inkişaf edə biləcəyi ilə bağlı suallar doğurur. Maraqlıdır, Donald Trampın İlham Əliyevə göstərdiyi bu xüsusi diqqət yalnız dövlətlərarası maraqlardan və strateji hesablamalardan qaynaqlanır, yoxsa liderlər arasındakı şəxsi münasibətlərin də burada müəyyən rolu var? Azərbaycan-ABŞ əlaqələrinin təkcə diplomatik təmaslar və qarşılıqlı maraqlar üzərində deyil, həm də iki lider arasında formalaşan dostluq və etimada əsaslandığını söyləmək mümkündürmü?
Milli Məclisin deputatı Vüqar Rəhimzadə mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və ölkəmizə göstərilən diqqətin mühüm göstəricisidir: “Bu dəvət ilk növbədə onu nümayiş etdirir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, daha geniş beynəlxalq gündəliyə təsir imkanlarına malik, mövqeyi və təşəbbüsləri nəzərə alınan nüfuzlu dövlətlərdən biridir. G20 dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən, qlobal iqtisadiyyatın, maliyyə sisteminin, enerji və ərzaq təhlükəsizliyinin, beynəlxalq ticarətin və digər mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu platformadır. Belə bir sammitdə iştirak üçün Azərbaycan liderinin xüsusi olaraq dəvət edilməsi ölkəmizin geosiyasi mövqeyinin, iqtisadi potensialının və beynəlxalq əməkdaşlıq imkanlarının əhəmiyyətini göstərir. Azərbaycan G20 üzvü olmasa da bu platformaya dəvət edilməsi ölkəmizin beynəlxalq proseslərdə artan çəkisinin və qlobal tərəfdaşlıq baxımından əhəmiyyətinin qəbul edildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini, siyasi çəkisinin artmasını və qlobal müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edib. Digər tərəfdən, Donald Trampın Prezident İlham Əliyevi şəxsən dəvət etməsi Azərbaycan-ABŞ münasibətlərində formalaşmış yeni siyasi dinamikanın da əlamətidir. Son dövrdə iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı keçirilən görüşlər, sülh müqaviləsinin mətninin paraflanması, regional kommunikasiyaların inkişafı istiqamətində irəli sürülən təşəbbüslər və strateji tərəfdaşlıq haqqında sənədin imzalanması bu əlaqələrin məzmununu daha da genişləndirib. Münasibətlərin inkişafında liderlər arasında birbaşa ünsiyyətin və şəxsi etimadın da rolu var. Prezidentlər İlham Əliyev və Donald Tramp arasında formalaşmış siyasi dialoq bu baxımdan diqqətəlayiqdir. Liderlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər ikitərəfli gündəlikdə olan məsələlərin daha çevik müzakirəsinə, yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə və siyasi təmasların intensivləşməsinə şərait yaradır”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın G20 platformasında iştirakı ölkəmizin qarşısında bir sıra mühüm imkanlar açır: “Xüsusilə Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, Orta Dəhlizin əhəmiyyətinin artırılması, enerji təhlükəsizliyi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlər Azərbaycanın beynəlxalq tərəfdaşlarla müzakirə edə biləcəyi prioritet istiqamətlərdir. Ölkəmizin Xəzər hövzəsində strateji mövqeyi, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika imkanları onun qlobal iqtisadi əməkdaşlıq sistemində əhəmiyyətini artırır. Regionda nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və davamlı sülhün təmin edilməsi yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün də əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevi G20 sammitində iştirak üçün xüsusi dəvət etməsi sadəcə diplomatik protokol hadisəsi kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, geosiyasi əhəmiyyətinin və qlobal proseslərdə artan rolunun göstəricisidir. Eyni zamanda, Azərbaycan–ABŞ münasibətlərində yaranmış yeni imkanların təqdimatıdır. Bu dəvət Azərbaycanın qlobal miqyasda söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirir”.
Ayhan
17:12 04.11.2026
Oxunuş sayı: 70