Avropa Rusiya səbəbindən iki düşərgəyə parçalana bilər
Avropada sağçı millətçi qüvvələrin hakimiyyətə gəlməsi və Rusiya ilə münasibətlərə fərqli yanaşmalar qitənin iki siyasi düşərgəyə bölünməsi riskini artırır.
Crossmedia.az xəbər verir ki, “The Economist” nəşri bu barədə təhlil dərc edib.
Nəşrin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın siyasəti Avropa ölkələrini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa sövq edib.
Məsələn, Almaniya 2029-cu ilə qədər illik hərbi xərclərini 162 milyard avroya çatdırmağı planlaşdırır. Bu məbləğ Böyük Britaniya və Fransanın ötən il müdafiəyə birlikdə xərclədiyi vəsaitdən çoxdur.
Lakin Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək seçkilər Avropada müdafiə məsələləri üzrə formalaşmış birliyi zəiflədə bilər.
“The Economist” hesab edir ki, millətçi qüvvələrin güclənməsi Avropanı Rusiyanın qarşısının alınmasını dəstəkləyən şimal-şərq və Moskva ilə yaxınlaşmağa meyilli cənub düşərgələrinə ayıra bilər.
Nəşr Fransada Marin Le Penin hakimiyyətə gəlməsi ehtimalını xüsusi risk kimi qiymətləndirir. Belə bir ssenarinin Avropanın birgə müdafiə layihələrinə və Fransa ilə Almaniya arasındakı əməkdaşlığa mənfi təsir göstərə biləcəyi bildirilir.
Təhlildə Trampın siyasətindəki ziddiyyətlərə də diqqət çəkilir. Belə ki, ABŞ Prezidenti Avropa ölkələrindən yenidən silahlanmağı tələb etsə də, eyni zamanda Putinlə yaxınlaşmağa çalışır və Kremlə müsbət münasibət bəsləyən Avropa siyasi partiyalarını dəstəkləyir.
Nəşrin qənaətinə görə, bu proseslər Avropanın təhlükəsizlik siyasətində fikir ayrılıqlarını dərinləşdirə və qitənin siyasi birliyini zəiflədə bilər.
16:55 04.11.2026
Oxunuş sayı: 60