Tural Abbaslıdan ABŞ senatına seçilən gey kişiyə reaksiya: Özümüzü qorumalıyıq
ABŞ Senatına ölkə tarixində ilk dəfə açıq homoseksual kişi seçilib. Bu hadisə Amerika Birləşmiş Ştatlarının siyasi tarixində diqqətçəkən məqamlardan biri olmaqla yanaşı, cəmiyyətdə fərqli mövqelərin və müzakirələrin də yaranmasına səbəb olub. Müasir dövrdə fərdi hüquqlar, azadlıqlar və təmsilçilik məsələləri ətrafında aparılan müzakirələr fonunda bu cür hadisələr təkcə bir ölkənin daxili siyasi gündəliyi ilə məhdudlaşmır, həm də beynəlxalq miqyasda ictimai və ideoloji müzakirələrin predmetinə çevrilir. Xüsusilə milli-mənəvi dəyərlərin, ənənəvi ailə institutunun və cəmiyyətin əxlaqi prinsiplərinin qorunmasını prioritet hesab edən ölkələrdə bu məsələ fərqli yanaşmalar doğurur. Digər tərəfdən, belə şəxslərin yüksək siyasi vəzifələrə seçilməsi və ictimai müstəvidə xüsusi təmsilçilik nümunəsi kimi təqdim olunması bu tendensiyanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar yaradır. ABŞ kimi dünyanın aparıcı dövlətlərindən birində baş verən bu hadisəni necə qiymətləndirmək olar? Bu, sadəcə fərdi siyasi təmsilçilik məsələsidir, yoxsa Qərb cəmiyyətlərində baş verən daha geniş sosial və ideoloji dəyişikliklərin göstəricisidir? Belə proseslərin beynəlxalq ictimai rəyə, xüsusilə milli-mənəvi dəyərlərini qorumağa çalışan cəmiyyətlərə mümkün təsirləri nədən ibarət ola bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı qeyd edib ki, bu, dünya tarixində ilk hadisə deyil. Hətta bəzi ölkələrdə dövlət başçılarından birinin homoseksual olduğu, həyat yoldaşının kişi olduğu və həmin şəxsin də birinci xanımların tədbirində iştirak etdiyi hallar yaşanıb: “Təəssüf ki, bu kimi hallar dünyanın bir sıra ölkələrində müşahidə olunur və müəyyən dairələr tərəfindən normallaşdırılmağa, adiləşdirilməyə çalışılır. Bu, eyni zamanda, bizim kimi milli-mənəvi dəyərlərini qorumağa, öz ideoloji xətti əsasında inkişaf etməyə çalışan dövlətlər üçün də bir nümunə, hətta uğur hekayəsi kimi təqdim edilir. Ona görə də biz çalışmalıyıq ki, insan təbiətinə, ənənəvi əxlaq normalarına və milli-mənəvi dəyərlərimizə zidd hesab etdiyimiz bu cür yanaşmalar cəmiyyətimizə, regionumuza, Türk-İslam dünyasına sirayət etməsin. Təsadüfi deyil ki, XXI əsr siyasi, iqtisadi və hərbi mübarizələrlə yanaşı, ideoloji qarşıdurmaların da kəskinləşdiyi bir dövrdür. Hətta deyərdim ki, hazırda ideoloji mübarizə siyasi, iqtisadi, hətta birbaşa hərbi qarşıdurmalardan daha təhlükəli mərhələyə çatıb. Çünki iqtisadi mübarizədə bir dövlətin iqtisadiyyatına, siyasi mübarizədə siyasi sisteminə, hərbi münaqişələrdə isə ərazilərinə nəzarət uğrunda mübarizə aparılır. İdeoloji mübarizə isə insanın düşüncəsini, şüurunu, qəlbini və mənəvi dünyasını hədəfə alır. Bu, insanın ən dərin qatlarına nüfuz edən bir mübarizə formasıdır. Əgər insanın düşüncəsi ideoloji təsir altına düşürsə, həmin cəmiyyətin yaşadığı dövlətin müstəqilliyi də müəyyən mənada formal xarakter daşıya bilər. Çünki ideoloji baxımdan asılı vəziyyətə düşmüş cəmiyyətin dövlət müstəqilliyi yalnız hüquqi və siyasi sənədlərdə əks olunan anlayışa çevrilə bilər”.
T.Abbaslı qeyd edib ki, bu gün Epşteyn məsələsi ətrafında baş verənlərə də diqqət yetirmək lazımdır: “Burada söhbət yalnız konkret bir şəxsin həyat tərzindən deyil, eyni zamanda, müəyyən həyat tərzinin və ideoloji yanaşmaların dünyaya təlqin edilməsi cəhdlərindən gedir. Bu yanaşmaların qarşısında dayanan ideoloji istiqamətlərdən biri də Türk-İslam dünyasının İslam dəyərlərinə əsaslanan mənəvi xəttidir. Biz bu dəyərlərə söykənərək milli kimliyimizi, mənəvi irsimizi, insanlığın gələcəyini qorumalıyıq. Əks təqdirdə, bu cür mübahisəli yanaşmaların siyasətdən cəmiyyətə, cəmiyyətdən isə məktəblərə və universitetlərə qədər yayılması təhlükəsi ilə üzləşə bilərik. Ona görə də cəmiyyət olaraq özümüzü bu cür ideoloji təsirlərdən qorumalı, milli-mənəvi dəyərlərimizin və gələcək nəsillərin sağlam mənəvi mühitdə formalaşmasının qayğısına qalmalıyıq”.
Ayhan
16:50 04.11.2026
Oxunuş sayı: 61